пятница, 7 августа 2009 г.

Sevgi



...Uşaqlar qorxub qışqırdılar. Böyüklər gözlərində yaş bir-birlərinin üzünə baxdılar. Təəccübdən donmuşdu hamı.
...Səksən yaşlı Gülüş nənə can verirdi. Həyətdə çadır da qurulmuşdu. Oğlu bütün hazırlıqları görmüşdü. Anasını urvatlı götürmək istəyirdi. Qaçqınçılıq olanda nolar. Bircə mollanı çağırmaq qalırdı. Bu neçənci dəfəydi. Arvadın vəziyyəti ağırlaşan kimi hazırlıq görürdü yazıq kişi. Amma görünür Allahdan əmr gəlmirdi hələ.

Həyət, ev dolmuşdu adamla. Arvadlar Gülüşün bu dəfə öləcəyini dəqiq bilirmişlər kimi yerlərini rahatlayıb oturmuşdular. Gülüş isə ölümə can vermək istəmirdi. Arvadlar öz aralarında narazı-narazı pıçıldaşırdılar ki, az, day həştad yaşı var, kötücələrini də görüb, bu arvad niyə Əzrayıla can vermir, nə istəyir bu dünyadan? Kimsə də dedi ki, yəqin, öz torpağında ölmək istəyir də.

Oğlu, altı qızı, böyük nəvələri başına yığışmışdılar. Ağlaya bilən ağlayırdı. Nəsə sayıqlayırdı arvad, amma eşidilmirdi. Gözləri qapalı idi. Ölümlə çarpışırdı. Bir müddət rabitəsiz sözlər pıçıldayandan sonra son dəfə başını qaldırıb bircə dəfə:“Eldaaar” – qışqırdı və huşunu itirdi.

Amma Gülüş yenə ölmədi. Dünəndən gəlib onlarda gecələyən Səfər həkim arvad özündən gedəndə nəbzini tutdu. Başını bulayıb arvadların qışqırığı altında gözlərini qapadı. Əyilib üzünü örtüm deyəndə onun nəfəs aldığını gördü. Kişinin tükləri biz-biz oldu. Ürpəndi. Qıyya çəkib ağı deyən arvadlar səslərini xırp kəsdilər.

Anasının son sözünü eşidən oğlu hirslənib həyətə düşdü. Qızları bir-birlərinə baxıb udqundular. Nəvələr çaşmışdı. Kimiydi bu Eldar? Nəvə-nəticə, qohum-əqrəba arasında bu adda adam yoxuydu. Gülüşün böyük qızı Zəhra uşaqların suallarından başını itirmişdi. Axırda:“Mən nə bilim, qoca arvaddı da, sayıqlayır” – deyib, onları həyətə qovdu. Ağlamağa hazırlaşan arvadlar da kor-peşman evlərinə qayıtdılar.

Axşam nənə yatandan sonra böyük nəvələr Zəhranı bir də sorğu-suala tutdular. Anasının halından hələ də özünə gəlməyən arvad nələr danışdı, nələr.

Kəndin yox e, bütün rayonun adla deyilən gözəli Gülüş öz yaraşığı, igidliyilə ondan az məşhur olmayan Eldara nişanlı imiş. Onların sevgisi, hesab edin, bir məhəbbət dastanı. Hamının gözü onlarda, onlar öz aləmlərində. Gülüşü sevənlər də çox idi, fürsət güdənlər də. Toya sanılı günlər qalmış müharibə başlayır. Hamı kimi Eldar da müharibəyə getməli olur. Gülüşlə əhd-peyman bağlayır, lap o kitablarda deyilən kimi: “Sən məni sevdiyin qədər yaşayacam, məni gözlə” – deyir Eldar. Gülüş də söz verir.
4 il məktublaşırlar. Nə aldığı yaralar Eldarı öldürə bilir, nə də kənddə ona edilən şirnikləndirici təkliflər Gülüşü yoldan çıxarır. Müharibə qurtarır. Evə dönmək məqamında öz kəndlərindən olan bir nadürüst Eldara deyir ki, evdən məktub almışam. Gülüş səni gözləməyib, çoxdan ərə gedib, səni də məktublarında aldadıb bu vaxta qədər. Bu alçağın da Gülüşdə gözü varmış. Eldar inanır cəbhə dostuna. Əli yerdən-göydən üzülür. Qayıtmır kəndə. Elə haradasa Avropada ilişib qalır. Gülüş onu çox gözləyir. İllərlə gözləyir. Axır bu alçaq gəlib deyir ki, səndən ötrü ölürəm, gəl mənə. Eldar qayıtmayacaq, orada evlənib qalıb. Gülüş başa düşür ki, ziyanlıq bundan keçib. Söyüb qovur onu.

Bir müddət də keçir. Gülüşü ailəsi ərə verir. Bir oğlu, altı qızı olur. Əri rəhmətə gedir 20 ildən sonra. Ahıl vaxtında da böyük külfətilə bərabər qaçqın düşür arvad. Gəncliyində yaşadığı bu əhvalatı isə kəndin onunla yaşıd arvadları danışmışdı Gülüşün qızlarına. Onu da demişdilər ki, Eldardan xəbər gətirən o alçaqla ölənə qədər danışmayıb Gülüş. Ölüm ayağında halallıq da verməyib. Öldüyünü eşidəndən sonra da vurub gedib onlara. Hamı onu görüb təəccüblənib. Gülüş ortadakı nəşə yaxınlaşıb, ayaq tərəfində durub lombasıyla tüpürüb meyitin sifətinə. Bir adam bir söz deyəmməyib. Kişinin oğul-uşağı da bilirmiş bunların haqq-hesabını. Hamı arvadın illərdi içində gəzdirdiyi kinin şahidi olub. Nakam məhəbbət yanğısı deyək biz buna...

Beləliklə, nəvələr öyrənir ki, demək, son nəfəsində Gülüş nənə ərini, bircə oğlunu, Türkiyədə oxuyan əziz Vüqar nəvəsini deyil, müharibədən qayıtmamış nişanlısı Eldarı haraylayırmış... Bu dəfə də Əzrayıl aparammadı onu. Özünə gələndən sonra da yorğanı başına çəkib gənc qız kimi saatlarla ağlamışdı Gülüş nənə. O, belə sevmişdi sevdiyini.

Arvad ayağa durmamış çadırı, samovar-qazanı yığışdırdılar həyətdən. Sonralar da heç kim arvadın üzünə vurmadı onun sayıqlamasını. Altmış ildi qaysaq bağlamayan yaraya nə çarə? Gedə bilmirdi Gülüş arvad bu dünyadan. Gözlədiyi vardı...

*

İş yoldaşım danışmışdı bu əhvalatı. Hamı təsirlənmişdi. Naharda yediyimiz bir tikə çörək boğazımızda qalmışdı. Təəccüblənmişdik həm də. İlin-günün bu vaxtı məhəbbət haqqında daha təəccüblü bir şey eşitmək olmazdı.
Birdən-birə haradan yadıma düşdü Gülüş nənə? Heç. Bekarçılıqdan yenə mübahisə edirdik dostlarla “sevgi ölürmü?” mövzusunda. Mən də dedim ki, ölmür...

4 комментария:

  1. Sağliğinda bu əhvalati Çingiz Aytmatovun eşitməsi lazim idi.

    ОтветитьУдалить
  2. Əvvəla çox mütəəssir oldum. Gülüş arvadin "Eldar" adini çağirmasini eşidəndə anladim ki, bunun mövzunun adi ilə əlaqəsi olmalidir. Mövzunun adi "Sevgi" -dirsə, Eldar ilk sevgi ilə bağli ad olmalidir. Bunula belə bir məsələni diqqətinizə çatdirim. İkinci dünya müharibəsi bitəndən sonra bir çox Eldar kimilər Avropada qalib avropali bir qadina siğinmağa üstünlük vermişdilər. Kişi psixologiyasi elə qurulub ki, əgər Eldara deyilsəydi ki, Gülüş ərə gedib, o, buna inansa belə öz yaxinlarinin köməyilə həmin "xəyanət və vəfasizliğin" doğruluğunu öyrənməyə çalişacaqdi. Kişilər həmişə belə edir. Onlar axira qədər öyrənir. Mən tam əminliklə deyə bilərəm ki, Eldar bu 4 il ərzində Gülüşdən soyuyubmuş və baçqa planlar üzərində düşünürmüş. Odur ki, qonşudan eşitdiyi yalan xəbər onun lap ürəyincə olub. Qadin və kişi psixologiyasi fərqlidir. Qadinlar sevəndə daha vəfali olurlar. Gülüş hər məktuba cavab yazib və Eldar da həmin cavaba cavab yazib. Bu o demək deyil ki, Eldar öz hisslərini bu 4 ildə axiradaək qoruyub saxlayib. Xeyir.
    Gülüşə afərin, Eldarin isə boyunu yerə soxum. Adam onu gözləyən birisinə bir bəhanə tapan kimi xəyanət eləməz.
    Andre Moruanin oxşar bir hekayəsi var. Çox təsirlidir. Hər yadima düşəndə əhvalim pis olur.

    ОтветитьУдалить
  3. Bəlkə də))

    Fakt odur ki, o heç nəyi aydınlaşdırmağa cəhd göstərməyib.Həmin bu qadın səhv etmirəmsə hələ də yaşamalıdır. Özü də bu yaşında çox özünə fikir verən, ədəb-ərkan gözləyən, əsilzadlər kimi oturu-duran, yeyib-içən bir xanımdı...

    Nəvəsi ondan elə şeylər danışırdı ki))))

    Həə, Rya, ax, ax,ax...bu Eldarlar...-))

    ОтветитьУдалить