вторник, 11 августа 2009 г.

Kədərli hekayə

Dayısıgilə fermadan gəlmişdi. Gələn kimi də qonşu kənddə bir qıza vurulmuşdu. Vurulan kimi də qızgilin telefon nömrəsini tapmışdı (Dayısı oğlunun əlini üzündə qoymuşdu onun bu fərasəti). Tapan kimi də qıza zəng edib ürəyini açmışdı. Ürəyini açan kimi də qız ağzından vurmuşdu, “fermanın eşşəyi” demişdi. Deyən kimi də dəstəyi asmışdı. Amma onun xətrinə dəyməmişdi bu söz. Ferma və eşşək. Bu sözlər təhqir kimi görünməmişdi ona. Eşşəyini sevirdi, hətta indi onunçün darıxırdı da. Bakıda oxuyan dayısı qızı da Barış Manço adlı bir türk oxuyanının (İbrahim Tatlısəsdən başqa türk oxuyanı tanımırdı. Onu da çoban yoldaşı Əhliman kişiyə oxşadırdı deyə, yadında qalmışdı - lopabığ) “Arkadaşım eşşək” mahnısı olduğunu da demişdi. Tez telefona cumub bu informasiyanı yubanmadan sevdiyi qıza çatdırmışdı. Qız bir müddət dinməyib, sonra yalnız “off” demişdi və dəstəyi yerə qoymuşdu.

Əsgərliyə getməliydi deyə, anası göndərmişdi onu kəndə. Hərbi komissarlığa da gedib dəymişdi artıq. Demişdilər bir həftədən sonra burada ol. Onun sağlamlığını çox tərifləyən həkimlər xeyli məzələnmişdilər. İtdən, atdan, qoyundan sual verib onun cavablarına gözlərindən su gələnə qədər gülmüşdülər. O, yenə də inciməmişdi. Qoçların qoyunları yanlamasının bu dərəcədə gülüşə səbəb olmasına təəccüb eləmişdi ancaq. Vəssalam.

Onun özünəməxsus əsgərlik xəyalları vardı. Vətənpərvərlik, düşməndən qisas almaq-filan, “vətən anadır” kimi şeylər onunçün anlaşılmaz idi. Dayısıgilin televizorundan tez-tez belə sözlər eşidirdi. Gülməyi tuturdu. Bircə şey bilirdi. Əgər ermənilərin qabağına durmasa, gəlib onların da fermasına çatacaqlar. Nə qalıb, budu buradı. Onun quzularını şişə taxacaqlar. Anası, bacıları da tez qaça bilməsələr, əsir aparacaqlar hamısını. Buna yol vermək olmazdı. Onları çox istəyirdi. Ona görə də gedib erməninin qabağında dayanmaq lazımdı düşünürdü. Heç qorxmurdu da. Bir damcı da. Komissarlıqdakı həkimlərə də demişdi ki, ermənilər harada çoxdu, məni ora göndərin. Həkimlər, o, gələndən bəri ilk dəfə ciddiləşmişdilər. Ardınca da kədərlə gülümsəmişdilər. Ağsaqqal göz həkimi isə:“sağ ol, bala” - demişdi ona. Sonra kövrəlmişdi kişi. O da təəccüblənmişdi yenə.

Amma əsgərliyə mütləq qız sevib getmək lazımdı. Əhliman kişinin oğlu demişdi bunu. Qız sənə məktub yazır, sən də səngərdə soyuqdan büzüşəndə o məktubları çıxarıb xəlvətcə oxuyursan, qızınırsan (Məktubun adamı necə qızındırması ona çatmasa da, yenə də Əhliman kişinin oğluna inanırdı, 9 sinif oxumuşdu, havayı deyildi ki). Amma elə eləyirsən ki, komandir görməsin kibrit yandırdığını. Adamın anasını ağlar qoyar. O da qoymasa, erməni snayperi mütləq ağlar qoyar Yazgül arvadı. Hə, demək, qız sənə yazır, sən də qıza. Dağ çiçəklərindən də qoyursan məktubun arasına, göndərirsən. Ehh, fermada olanda elə istəyirdi ki, bir dənə sevdiyi qız olsun, ona əsgərlikdən məktub yazsın. Hətta buna görə bir-iki cızmaqara da eləmişdi. Məşq kimi yəni. Xətti eybəcər olsa da, düz yazdığına əmin idi. 5-ci sinifdə Aliyə müəllimə özündən çıxıb uşaqların hamısına:“qanmaz, şüursuz it küçükləri” - desə də, onu belə söyməmişdi heç vaxt. Yazdığına baxar, ona baxar, “yazıq balam” deyib, ah çəkərdi. O da qərara gəlmişdi ki, söyüşlük deyil yazısı.

İstədiyi yar idi, yetirmişdi pərvərdigar. Ayağını artezianın başına qoyan kimi gözü qızı tutmuşdu. Gözəl qız idi – ağappaq. Heç elə bil gün işığı görmürdü canı yanmış. Eşqindən ilk xəbər tutan dayısı oğlu:“ə, səyləmə, sənin tayın deyil” – demişdi. Başqa qızlar göstərmişdi ona. Amma o bəyənməmişdi. Hamısı arıq-uruq, qara qızlar idi. Onun məktub yazacağı qız isə mütləq ağ olmalı idi. Güləndə də yanaqları yumrulanmalı idi. Nəsə ağlına belə dolmuşdu da, neyləsin?

Bir həftəni iki kəndin ortasında qaldı. Heç qoyun otaranda bu qədər yorulmurdu. Onu yoran əslində yol deyildi, oturub gözləmək idi. Ondan şübhələnməsinlər deyə, gedib-gəlib artezian suyu içməkdən köpmüşdü. Qız da hələm-hələm suya gəlməzdi. Gələndə də başında bir dəstə qız. Amma onsuz da yaxınlaşmağa “dux”u çatmazdı.
Ümid yenə telefona idi. Evin camaatı dağılan kimi sarılırdı dəstəyə. Qız neçə dəfə ona demişdi ki, ağlını başına yığ, səndən böyüyəm, özüm də Bakıda oxuyuram. Bir gün də hələ qayıtdı ki, istədiyim var. İnanmadı. “Göstər, görüm, kimdi o elə” - demişdi hirslə. “Bakıdan gələcək bu günlərdə. Görərsən, döydürəcəm səni” - demişdi qız da, sonra da gülmüşdü ucadan. Bu da fikirləşmişdi ki, qız qəsdən belə deyir.

Dayısı iki baş inək almaq istəyirdi. Bir az pul da yığmışdı. Onunla da məsləhətləşmişdi təcrübəli adam kimi. Sonra da heyfslənmişdi ki, bazara gedənə qədər səni aparacaqlar. Bu da:“Gedib deyərəm 1-2 gün gözləsinlər də, nə qaçhaqaçdı?” - demişdi. Dayısı da onun başına karlı bir qapaz çəkmişdi, arxasınca da bacısının qarasına deyinmişdi ki, sənə dedim, o xaraba fermaya köçmə. Uşaqların küt oldu getdi. O başa düşdü ki, bu, “belə şey ola bilməz” deməkdi.

Yenə arteziandan su içirdi. Ağzı suda, gözü qızgilin doqqazında. Qız çıxdı. Sevindi. Arxasınca ucaboy, maviköynəkli, qalstuklu, bakenbardları (uşaqlar qısaca olaraq onlara “bak” deyirdilər) çənəsinə çatan bir oğlan da çıxdı. Sevinmədi. Həyatının ilk qısqanclığını yaşadı. Qəsdən artezianın başında durub gözlərini onlara zillədi. Ürəyi hələ belə qəzəb görməmişdi. Heç 10 quzusunu sel aparanda belə çoşmamışdı. Özünə təəccüblənəcək halda deyildi. Fikri cütlükdə qalmışdı. Onlar şirin-şirin söhbətləşə-söhbətləşə onun yanından keçib dükana girdilər. Çıxanda əlləri dolu idi. Dükançı Əlinin çox sevdiyi, amma kənd camaatının heç sevmədiyi banan torbası oğlanın əlindəydi. Onun gülərək: “İnanmazdım kənddə də banan satırlar” - deməsini açıqca eşitdi. Qız da nazlanıb:“Sən kənd haqqında yanlış təsəvvürlərə maliksən, əzizim” - dedi. Cümləni tam başa düşməsə də, “əzizim” ona bəs eləmişdi. Hirsindən göyərmişdi. Onun tuşuna çatanda qız addımlarını yavaşıtdı. Bic-bic gülümsədi. Gözlədi ki, qız hədəsini yerinə yetirsin, sevgilisinə nişan versin onu. O da salsın ayağının altına bu ağ gədəni. Onun ağ kişidən, bir də qara arvaddan heç xoşu gəlməzdi. Amma qız heç nə demədi. Eləcə deyə-gülə, rəvan yerişlə qayıdıb girdilər həyətə.

Nəsə eləməliydi. İçinə yığılmış hikkə çıxmalıydı. Onun xəyallarını dağıtmış bu ağ gədəyə mütləq nəsə eləmək lazım idi. İşin dalını-qabağını fikirləşmədən qucağına daş doldurub yamacdan qoyun qaytarırmış kimi qızgilin darvazasının qabağındakı böyük, qara maşını daşlamağa başladı. Tappatapa bayıra çıxmış qızın atasını görən kimi qaçdı. Özünü birtəhər həyətə saldı. Tövşüyə-tövşüyə pilləkənlərlə evə qalxıb içəri keçdi, qapını arxadan bağladı. Hələ indi çatdı ona elədiyi. Dayısı onu öldürəcəkdi. Bivec atasını, mağmun anasını söyəcəkdi.

Qızın atası artıq həyətdə idi. Əl-qolunu ölçə-ölçə dayısına olub-keçəni danışırdı. Kişi hirsindən əsirdi. Dayısı başını aşağı salmışdı. Sonra dayısı onu səslədi. Ürəyi ayağının altına düşdü. Amma day qaçmağa yer yoxuydu. İşin səbəbini soruşsalar, nə deyəcəkdi? Sakitcə evdən çıxdı. Qızın atası onu görüb daha da bərkdən qışqırmağa başladı. Dayısı onu sakitləşdirməyə çalışırdı. “Ağsaqqal, sən Allah, bağışla bunu. Bir qələtdi eləyib. Heç nədən başı çıxmır. Fermadan gəlib” – dedi dayısı. “Ferma” sözü bir ovsuna dönüb kişini necə sakitləşdirdisə, lap məəttəl qaldı. Ferma qanının arasına girdi. Kövrəldi. Darıxdı ferması üçün. Kişi başını bulayıb: “dəlinizə yiyə durun da, a balam” – dedi və darvazadan çıxdı. İndi məhşər ayağı idi. Dayısının gözü dönmüşdü. Ətrafa boylanıb onu döymək üçün bir şey tapmaq istəyirdi ki, arvadı özünü yetirdi. “Qurban olum, dəymə” – dedi. “Əsgər gedir, kim bilir nolacaq, körpənin başına nə gələcək o xarabada” – dedi, gözünün suyunu sildi. “Əsgər” sözü də dayısını yumşaltdı. Bu sözün də sehirli qüvvəsi varmış. Heç nə anlamırdı. Dayısı gözüyaşlı arvadına baxıb donquldandı, dodağının altında söyə-söyə hirslə həyətdən çıxdı.

Sabah gedirdi artıq. Bu gün çıxartdığı oyuna görə keç kim onunçün xüsusi canfəşanlıq göstərmirdi. Təkcə dayısı arvadı kövrələ-kövrələ boxca tutur, məsləhətlər verirdi ona:”Əlinə keçəni ye, əynini qalın geyin, çatıb rahlanan kimi məktub yaz, yaza bilmirsənsə, yoldaşlarına de yazsınlar...”. Sakitcə:“Yaza bilirəm” - dedi. Hərçənd, artıq məktub yazmaq məsələsindən sidqi sıyrılmışdı. Əgər fikirlərini bəzək-düzəkli çatdıra bilsəydi, dayısı arvadına deyərdi ki, dünyam dağılıb, bibi, dünyam, sən məktub yazmaqdan danışırsan. Amma o belə danışa bilmirdi. Şairlər demiş, göz yaşları içinə axırdı. Gecəni yata bilmədi. Əhliman kişinin oğlunu da söydü, özünü də.

Səhər tezdən evdən çıxanda bildi ki, dayısı inək üçün yığdığı pulu qızın dədəsinə verməli olacaq. Qonağın maşını pis günə düşmüşdü. İçi daha da ağırlaşdı. Başqa vaxt olsaydı, dayısı onu ətyeməz eləyərdi. Amma indi əsgər gedirdi. İndi ona dəymək olmazdı. Bircə Allah bilir, onun başına nə gələcəkdi.

Amma o bilmədi ki, ayın sonunda dayısı onun bivec atasının, mağmun anasının nəslində adam qoymayıb. Özü gedib fermada dişinin dibindən çıxanı deyib onlara. Belə axmaq oğul böyütdüklərinə görə söyüşün birini bir qəpikdən xırıd eləyib. Amma onun arxasınca bircə kəlmə də artıq-əskik danışmayıb. Əsgər idi axı.

Dayısına bir təqaüdlük telefonpulu gəlmişdi. Yazıq haradan biləydi ki, birinin toyuğu o birində yumurtlayan, toyu-yası bir olan bu kəndlər başqa-başqa rayonlara tabedi?. Bilsəydi belə, guya zəng eləməyəcəkdi? Hər kəsin heç nəyi görmədiyi, görmək istəmədiyi bir vaxtı olur, mütləq olur.

Nəyi kədərliydi bu hekayənin? Necə bilirsiz, ilk dəfə vurulmaq, həm də özündən böyük və gözəl bir qıza vurulmaq, onu hansısa qalstuklu, baklı ağ oğlana verib ümidsizlik içində əsgər getmək, səngərdə oturub erməninin yuxuqaçıran gülləbaranı altında soyuqdan büzüşə-büzüşə mövcud olmayan adamdan ümidsizcəsinə məktub gözləmək kədərli deyil? Məncə, kədərlidi. Ümidsiz olan hər şey kədərlidi.

8 комментариев:

  1. sonunu heç yazma, meraqdan ölüm qoy,
    çox gözeliydi...
    ...
    men bu hekeyatın devamında o esqeri xerbe soxdum bu deqqe, ileride ne olar bilmirem.
    yeni ucu açıq bir hekeyatdır, gözeldir. o tuvalet kağızına yazılan günlük kimi gözeldir...

    ОтветитьУдалить
  2. Davamı hər kəsin xəyalına bağlı...
    Ferma uşaqlarının sonu elə ferma olur bizlərdə...o da əsgərlikdən salamat qayıtsa...-)(-

    ОтветитьУдалить
  3. "Eşşəyini çox sevirdi və onun üçün darixirdi da"
    "Cümləni tam başa düşməsə də"
    Orijinal fikirlər çoxdur. Amma qizin şəhərdə təhsil almasi və bir dəfə öz şəhərdən qəlmiş oğlanilə kəndə çixmasi Az yüngül hekayə və yüngül kino janrinin ştamp mövzularindandir.

    Kirlanqiç, heyif ki, indi Az-da da, Türkiyədə də adamlar tənbəlləşib və pintiləşib tualet kağizindan, qəzetdən istifadə etməyə başlayib. Məncə sabunlu su daha gigiyenikdir.

    ОтветитьУдалить
  4. Salam, Jalə.
    Sənə şad xəbərim var, amma hələ deməyəcəm - qoy yüzdə yüz dəqiqləşsin, sonra ))).
    Yaxşısı budur mənə seçmə 3-5 şeir göndər.
    Bir də, yazıları yerləşdirəndə çalış bloqda şriftləri Ariala keçir...

    Hekayəni hələ oxumuram - kədərlənmək istəmirəm. kefim yaxşıdır... Depresiyya gələn kimi(( oxuyacam...

    ОтветитьУдалить
  5. Bir də, necə eləmisən iki səndə şərh yoxlaması yoxdu, de mən də edim - ya da mənə maile yaz bunu

    ОтветитьУдалить
  6. "Azərbaycan" jurnalına verəcəm demə)))))))))

    Bax, sizinkilərdən hansı yaxşı qonorar verir, ora ver şeirləri, bir yaxşı yeyib-içək))))

    ОтветитьУдалить
  7. faikpro, bizdə dediklərinizdən komple şəklində istifadə olunur. Pintiləşmə deyil bu artıq, vasvasılıqdı...-)))

    Oxuduğunuz üçün təşəkkürlər.

    ОтветитьУдалить
  8. Arami dostum...
    Heyfki sen tuvalet kağızına yazılan günlüyü oxumuyubsan )))
    Menim axlım hele orda qalıb, o heykeltraşa hele hirsim keçmiyibki niye o rulonu heykelin ayaqına soxub!
    Ele hersdenmişemki, o gedeye avrupadan bir qız tapacaydım onuda tapmıyacam day!
    Qoy Jale'nin yaxasından tüşmesin...)))

    ОтветитьУдалить