понедельник, 3 августа 2009 г.

Lənətəgəlmiş sevgi...

Başını çırp divarlarına,
daşlarını,
ağaclarını öp, oxşa,
ya üzünə tüpür – daha yoxdu fərqi.
Kəlmeyi-şəhadətini pıçıldayan biri üçün
artıq gecdi.

O, indi ölümünü gözləyən
can üstə bir qoca,
hüzur tapmaq üçün günlərini sayan
illər xəstəsi.
Nə sevək, nə nifrət edək.
Halallıq alaq, halallıq verək.

Arzuları puç olmuş
qızların ahı tutub,
aldadılmış oğlanların söyüşləri
yeddimərtəbəli.

Bilirsən, səndən başqa da şəhərlər gördüm,
Dönməmək belə keçdi beynimdən.
Darıxdım sonunda,
Qayıtdım, dözmədim...
Lənətə gələsən,
sevdim səni, sevdim!

Səndə ilk eşqimi yaşadım,
ilk göz yaşımı su kimi içdim,
qoşuldun mənə
sən də ağladın için-için,
gördüm axı, gizlətmə sən
Off, sevdim səni, sevdim,
lənətə gələsən!

Bu axmaq başıma dolub ki, biryolluq
Səndən kənarda həyat yox!
Ağcaqanadın belə şirin dişləyir,
sırtıq oğlanların hətta
hamıdan yaxşı.
Sən bütün dünyanın naxışı!
Çirkli dənizinə bir mən tüpürmədim.
Lənətə gələsən,
sevdim səni, sevdim!

Boğuluram.
Əsəbi adamların doluşduğu
iclas zalı kimisən.
Pəncərələrini açan olsaydı...
Eh, bu “neft qoxulu gül”ə
adam bir doysaydı, doysaydı...

Bunlar hamısı bir yana.
İndi səni təəccübləndirmək istəyirəm ölümqabağı.
Çıxam, Qız qalasından atam özümü, ölməyəm.
“Baksovet”dən 28-ə piyada, gözüyumulu gedəm.
Barmaqlarımı divarlarına sürtə-sürtə
İçərişəhərli qoca kimi.
Təəccüblənərsən?

Ehey, Bakı, eşidirsən?
Sevdim səni!
...lənətə gələsən..

Комментариев нет:

Отправить комментарий