понедельник, 3 августа 2009 г.

Qadın portretləri

Qadın portretlərini
həmişə kişilər çəkər,
sevgi və nifrət fırçalarını
gülüşə batırıb,
göz yaşında yuyub...

Bax,
biri var burda.
Yandırdığı körpülərin tüstüsündən
yaşarmış gözlərini hisli əlləriylə silərək
sonuncu kibrit çöpünü
tullayıb dibsiz uçuruma -
o tərəf ölüb həmişəlik onunçün...
...sonra da dizlərini qucaqlayıb
oturub sakitcə,
bir ömür boyu
o taya baxmaq üçün...

*

Çoxdan barışıb.
Sevib və barışıb
dünyanın spirt qoxulu havasıyla
nəfəs almağa...

Kandardakı sərxoşun
xumar gözləri,
qırıq-qırıq sözləri,
laübalı təbəssümü:
“neynim, mən beləyəm…” – deyir
peşmancasına…
Tərli boyuna dolanmış
isti,
yumşaq qollar,
pırtlaşıq saçlarda oynayan barmaqlar,
sərxoş nəfəsə qarışmış nəfəs:
“neynim, mən də beləyəm…” – deyir
hamının acığına...

*

Qarda sürüşüb yıxılmağını da
uğursuz ilk sevgisiylə bağlayan
bu qadınsa
Yazıçılar Birliyinin qarşısında
durub qışqırır:

Aldatdınız,
mən də sevdim,
aldatdınız,
eşqə gəldim,
aldatdınız,
könül verdim...

“Sevgi var, var, var” – dediniz,
“sevgisiz yoxuq” – dediniz,
aldadıb, sonra güldünüz,
lənətə gəlmiş şairlər...

*

Busa mümkünsüz bir eşqin
şairə elədiyi biçarədi,
üzü pəncərəyə
payız yağışıyla girib yarışa:

“Qışda payızdan yazmaq,
yayda yazdan,
yazda məhəbbətdən,
payızda səndən -
ömür boyu qəmdən yazmaq,
qəmdən...”

*

Biri elə xoşbəxtdi ki!
İclasda oturub iynə üstə oturmuş tək,
saniyələri sayır aramsız.
Vecinə deyil müdirin danlağı, qışqırığı,
Küncdəki çaydanın:
“Qaynadım! Qaynadım!” - fışqırığı...
“Məni bu dəm sənə qovuşduracaq
hər şeyə razıyam,
ölümə belə!” - yazır qarşısındakı
dama-dama bloknota,
gözləri yol çəkir dola-dola...

*

Biri də var bu salonda.
Çarəsiz xəstəliyini
yoluxdurmamaq üçün dünyaya
içindən çölə çıxmır.

Gücü ancaq ona çatır
düşünsün ki,
bir qadın darıxırsa,
günahkar mütləq bir kişidir...



Varlığı bəlkə yoxluğu,
sözü ya da sözsüzlüyü,
etdikləri və etmədiklərilə
günahkardır bir kişi…


*

Həm də bu salondakı qadınların hamısı
eyni qadındı əslində,
yeganə arzusu gözlərinə yazılmış:
“Ən yaxşı rəssamın
ən xoşbəxt rəsmi olaydım...”

2 комментария:

  1. sevgi və nifrət fırçalarını
    gülüşə batırıb,
    göz yaşında yuyub...

    Sən yaxşi şerlər yazirsan. Şerlərinin hamisinda bolluca yaxşiliq etmək istəyi duyulur. Hətta səni incidən ağcaqanadlari belə başa düşməyə çalişirsan, bağişlayirsan. Mənə maraqli olan budur ki, bu şerlər üçün mövzunu alirsan ya göylər səxavət göstərir?

    ОтветитьУдалить
  2. Adamın dörd tərəfi mövzudu axı...içi, çölü...öz həyatı başqalarının həyatı...sadəcə baş verən hər şeyə diqqətli olmaq yetir mövzu üçün...

    Mövzunu yaxşı təqdim edilməsindən danışsaq...yaxşı görünən nəyinsə arxasında mən yoxsa başqa bir qüvvə durur düşünürəm...

    ОтветитьУдалить