пятница, 31 июля 2009 г.

Alça çiçəklərinə ithaf


Qollarını yana açıb,
üzünü göyə tutub,
dünyanı ciyərlərinə çəkib,
gözlərini bərk-bərk yumub
dayanmısanmı ayaqyalın
alça ağacının altında,
alca ağacı çiçəkləyəndə?
Tökülübmü alça çiçəklərinin
ağappaq ləçəkləri
üzünə,
gözünə,
boynuna,
qoynuna?
Ömründə heç olmasa bircə dəfə
o ləçəklər oxşamayıbsa səni,
gözəllik nədir,
yaşamaq nədir,
həyat nədir,
bilmirsən!

Yağış kəs, yağış kəs...


Neçə min damlayla çimib
pakdan da pak olan
o illərin ən gözəl sədası
gəlir qulaqlarıma
hər yağış yağanda.

“Mən anamın ilkiyəm
yağış, kəs, yağış kəs…
ağzı qara tülküyəm
yağış kəs, yağış kəs…”

Əlimi ne vaxtdı
tutmuşam
yanaqlarımın altına…

yağış kəs, yağış kəs…

Mən yenə də
anamın ilkiyəm axı,
Tanrım, unutdun yoxsa?
Yaşıma-başıma,
“ölüm ver” yalvarışıma,
səndən,
ondan
qaçışıma
fikir vermə,
hesab elə
korpəyəm hələ.
Yağış kəsən kimi
gizləndiyi yerdən çıxıb
göyqurşağının ardınca
dünya boyu yüyürməyə,
qəhqəhə çəkib gülməyə
bir kəpənək uçuşuna
onun qədər sevinməyə
hazır
məsum
bir körpəyəm…

“Yağış kəs, yağış kəs…”