вторник, 8 сентября 2009 г.

Ad günündə tost

S. üçün

Sevmədilər!
Hə, çox sevmədilər!
Cəhənnəmə ki!
Könlünü qırmayacaqlarından əmin deyildilər,
qırdılarsa, könlünü ala bilməyəcəklərini bilirdilər,
bilmədilər deyə bağışlanmayacaqlarını bilirdilər,
bağışlanmadıqca da onların olmayacaqdın – bilirdilər...
Qorumağı bacaranlar üçün doğulduğunu 
bilirdilər deyə sevmədilər, dostum! 
Yoxsa elə yaxşı qızsan ki sən...-/- -/-

Birnəfəsə - 3

Məni alça çiçəklərinin ahı tutdu - 
ürəyim gedirdi onları budaqlı-zadlı
qırdırmaq üçün...
Mənə ərik çiçəkləri qarğış elədi - 
qoxusundan doymazdım...
Bütün sarı güllərin qəzəbinə gəldim - 
hamısında gözüm qalardı...
Ehh, 
çiçəklərin əllərimdə sevinərək öldüyünə 
inanacaq qədər xoşbəxt günlərim vardı...

*

Heç vaxt:“Heç vaxt!” - demə.
Mən elə birini sevdim ki, sonunda...

*

Nə vaxt ölmək?
Səni sevən sonuncu insandan öncə.

*

Azca,
bir azacıq
uzun olsaydım,
daha tez çatardım
arzularıma...

*

Yadıma düşmədiyin günlərin
heç biri yadımda qalmır...

*

Demədiyin sözəm, canım,
xatırlamağa çalışma...

*

Təzə hərəkat başlayıb – Günəşə doğru!
Qoşulmayacam!
Heç olmasa kölgən kölgəmdən böyük olsun!
Heç olmasa kölgəndə gizlənə bilim!
Heç olmasa...

*

Romanlar öncə yaşanar,
sonra yazılar,
sonra oxunar.
Tərsinə elədik hər şeyi,
tərsinə...

*

İkimiz də aldandıq - 
sən böyük görünürdün,
mən balaca...

четверг, 13 августа 2009 г.

Mən də inanmıram...
Kaş yalan ola, kaş Rəbiqəylə zarafat eləmiş ola, onu nə qədər çox istədiyini bilmək üçün...kaş...

Aldığım xəbərdən özümü itirmiş kimiyəm.
2 dəfə görmüşəm Fərhadı, maraqlı şeirlər yazan Fərhad Meteni.
Bir dəfə salamlaşıb ayrılmışıq, bir dəfə də bir ctəkan çay içmişik. Vəssalam.
Rəbiqənin söhbətlərindən tanıdım daha çox.
Bir də zarafatları yadımda qalıb.
Bizim məşhur bir şairin kitabıyla elədiyimiz zarafatlar.

O işıqlı oğlan daha yoxdu. Olmayacaq. Şeirləri qalacaq. Xatirələri.
Bir də dostları yaşayacaq. Onsuz. Hər görüşəndə ondan danışacaqlar.
Daha əvvəlki dadı-duzu qalmayacaq görüşlərin bu qüssədən.

Axı bizim dost itirən vaxtımız deyil...vallah deyil...biz hələ hər şeyi indi yaşamağa başlayırıq...yaşamaq istəyirik...bizim payızımız nə tez gəldi belə...?

Allah rəhmət eləsin.

Fincan üzərinə çap

Soldakı cırıb tulladı,
sağdakı üzündə təbəssüm
qatlayıb cibinə qoydu,
öndəki ovcunda əzib atdı,
yanımca gedən oxumaqdan bezib atdı -
zibillədilər küçədə payızı...
Çarəsiz bircə məniydim,
bilmirdim neyləyim
içinə
“Tel: 418 xx xx
Fincan üzərinə çap –
sevdiyinizə ən gözəl hədiyyə”
yazılmış bəzəkli kağızı...

Doğru sözümdü...


Sənə
inamdan başlamadı hər şey,
bu sənə inam deyildi,
bu mənim ən böyük axmaqlığım,
ən dözülməz tənhalığım idi…

Başa düşürsən?
Dilim tutulmuşdu,
boğazım qurumuşdu,
qanadlarım qırılmışdı...
Hər nəfəsimi son nəfəsmiş kimi alırdım...
Və qarşıma sən çıxdın!
Elə bir vaxtda ki,
Yer üzündə bir mənim,
bir də Allahın qaldığına inanmışdım…

hər şey gözəl
hər şey təmiz
hər şey əziz...

amma sən...

bu mənə inamsızlıq deyildi
bu sənin ən böyük nadanlığın,
ən dözülməz qorxaqlığın idi...

mənsə sevdiyinə deyil,
qorxusuna tapınan biri üçün
yaradılmadım…
İnanmırsan, Allahdan soruş…
...hər şey sənə inamdan başlamamışdı, biləsən,
mənim axmaqlığım tutmuşdu…
mən tənha idim…
sadəcə…

Kokteyl

Bu kokteyldən zəhləm gedir –
bir az yorğunluq,
bir az yuxusuzluq,
tanış ölümlər
çoxlu darıxmaq,
azca tutqun hava,
azca hüzn,
bir damcı sənsizlik...
İçmək istəmirəm artıq onu,
istəmirəm...
Barmen, təzə kokteyl hazırla mənə...

среда, 12 августа 2009 г.

İstanbulda sonbahar




C. üçün

Bu, olmuş əhvalat deyil.
Hamısı uydurmadı, hayel ürünüdü, türkün sözü.
Fantaziyadı.
Amma oxuyun.
Ola bilərdi, yox?

***


Tək oturmuşdu və bundan xüsusi zövq alırdı. Plaşına bürünmüşdü və büzüşmək ona ləzzət eləyirdi. Üşüyürdü və burada üşüməyin də başqa bir aləm olduğunu düşünürdü.
Bu oturacağı hansısa serialda görmüşdü. Sevgililər oturmuşdular baş-başa. O isə tək idi. Məşhur boğaza, məşhur körpüyə, məşhur işıqlara baxır, daha bir arzusunu reallaşdıra bildiyi üçün özündən xoşu gəlirdi. Bu dəm saralmış otlardan, qızılı rəng almış ağaclardan da xoşu gəlirdi. Bakı doluydu belə otlarla, belə ağaclarla. Amma yenə də özünü inandırırdı ki, məhz burada görmək olar beləsini. Fikirləşirdi ki, görəsən, bu şəhər həmişə belə kədərlidi, yoxsa payızdandı bu hüzn. Zümzümə eləməyə başladı:
- Hangi kentte bu denli acı var, başka nerde İstanbul kadar...

Təklikdən çox zövq ala bilmədi. Biri gəlib oturdu yanında. Çevrilib baxmadı da. “Bura da elə Bakının tayıdı, ilişməyə fürsət axtarırlar” – düşündü. Amma, deyəsən, adamı ona sataşmaqla bağlı fikirlər narahat eləmirdi. Gödəkcəsinə bürünüb büzüşürdü özüyçün. Maraqlı mənzərə idi. İki adam – kişi və qadın – bir-birlərinə baxmadan, başlarına sarı yarpaq yağa-yağa, soyuq dəniz soyuq hava üfürə-üfürə üzlərinə, büzüşüb oturmuşdular. Çiyinləri tərpənməsəydi, donduqlarını da söyləmək olardı.

- Siqaret çəkə bilərəm?

Başını laqeydliklə kişiyə tərəf çevirdi. “Başlandı” – düşündü.
- Buyurun – dedi.
- Siz çəkmirsiz?
- Xeyr.
- Yaxşı eləyirsiz. Lazımsız şeydi.
- Bilirəm.
- Sevindim.

Kişi bir siqaret qoydu damağına. Qadın beləsini Bakıda görməmişdi. Yerli mal idi yəqin ki. Dilini dinc saxlamadı:
- Sizi sevindirdiyimə də mən sevindim.

Kişi siqaret tüstüsündən acışan gözlərini qıyıb gülümsədi:
- Başqalarına sevinc yaşatmaqdan sevinmək sevinclərin ən böyüyü. Bilirsinizmi...
- Gəlin, susaq və dənizə baxaq.
- Baxaq...

Kişi siqaretini çəkib qurtarana qədər danışmadı. Siqareti də ondan qisas alırmış kimi sümürmədi. Əzizləyə-əzizləyə axırına çıxdı siqaretin. “Belə kişidən qorxmaq lazımdı” –qadın düşündü.

- Siz dənizə baxanda nə görürsüz?
- Dalğaları.
- Ancaq?
- İlk növbədə.
- Mənsə dənizə baxanda sanki böyük bir göz görürəm. Elə bil o kiminsə masmavi gözüdü, qırpmadan mənə baxır. Hirslənəndə qaralır, dalğalananda bilirəm ki, dəli kimi ağlayır. Zəhləm gedir dənizə tüpürənlərdən. Elə bil kiminsə gözünə tüpürürsən. Hərdən, bilirsiz, gedib o gözə sürmə çəkirəm. İstəyirəm daha qəşəng görünsün.
- Bu göz hansı firmanın qələmindən istifadə edir?
- Firmanın adı təbiətdi. Bir təbiət çubuğu tapıb sahildə, qumun üzərində, düz gözün kənarıyla səliqəli bir xətt çəkirəm. Amma o dəqiqə ağlayıb pozur mən çəkəni. Yaman əziyyət verir mənə.
- Siz də daha çəkməyin.
- Olmur axı. Bu göz üçün nəsə eləmək istəyirəm.

Kişi susdu. Qollarıyla özünü qucaqladı. Yavaşdan dedi:
- Darıxmaq, bilirsiz, adamı nələrə vadar eləyir?
- Bilirəm.
- Əmin deyiləm.
- Sizcə, mən bu soyuqda burada niyə oturmuşam?

Kişi çiyinlərini çəkdi. Sonra qəfil təklif elədi:
- Baxın, ürəkdən deyirəm. İstəsəniz, sizi də özümü qucaqladığım kimi qucaqlaya bilərəm.
- İsinməyə kömək eləyir?
- Yox.
- O zaman zəhmət çəkməyinizin mənası nədi?
- Axı sizinçün də nəsə eləmək istəyirəm. Balaca bir şey, xoşunuza gələcək bir şey.
- Niyə düşünürsüz ki, məni qucaqlamağınız mənim xoşuma gələcək?
- Nə bilim. Adətən mən qadınları qucaqlayanda onların xoşuna gəlir. Yəni heç istisna hal olmayıb. Çoxu özü gəlib deyib ki, məni qucaqla.

Bir müddət susdular. Hərə özünü qucaqlayıb büzüşdü. Axır kişi dilləndi:
- Yaxşı, istəmirsizsə, qalsın. Belə işdə zor olmaz.
- Anlayışınız üçün təşəkkür edirəm.
- Buyurun. Amma icazə verin bir söz deyim. Bu soyuqda burda oturmağınız yalnız darıxmaqdan deyil. Qaçmaqla qurtula bilmədiyniz qorxunuzu biryolluq dəf etmək istəyirsiz. Üşüməkdən qorxursuz siz. Düz deyirsiz, yaxşısı budu, sizi qucaqlamayım. Üşüməyə öyrəşin. Kim bilir, bəlkə də, bu, üşümək qorxunuzu içinizdən atmağa kömək elədi. Hər zaman sizi qucaqlayacaq biri olmaya bilər yanınızda.

Yenə susdular. Yenə üşüdülər. Yenə büzüşdülər. Yenə kişi başladı:
- Gəlməyə oxşayırsız.
- Hə.
- Yalnız gəlmələr bu saatda burada oturub üşüyə bilərlər. Bir də gəlmə olmasaydız...nə isə...
- Nə?
- Heç.
- Sirli olmaq xoşunuza gəlir?
- Yox. Heç sevmirəm sirri. Nəyə lazım?
- Adamın heç sirri olmasınmı deyirsiz?
- Olmasın.
- Axı adamın sirri olunca, bu dünyada kimsənin bilmədiyi bir şeyi bilməkdən zövq alır. Hələ başqalarının da sirrini bildikdə lap ürəyi açılır. Bundan özünü Tanrı sayanlar da var. Axı yalnız, O, hər şeyi bilir.
- Bilmək adamın nəyinə lazımdı?
- Bilik gücdü. İnsan güclü olmaq istəyir. Güc üstünlükdü. Üstün olmaq istəyir insan.
- Sadəcə eqoizm.
- Olsun. Yaşamaq üçün bu da stimuldu.

Kişi əllərini nəfəsilə isitməyə başladı. Birdən ağlına nə gəldisə çevrilib qadına baxdı. Qadın gülümsədi. Kişi də.
- Narahat olmayın, “əllərinizi verin, isidim” - deməyəcəm. Onlar iki dənədi. Sürtün bir-birinə, qızınsınlar. Ümumiyyətlə, əllərdi, ayaqlardı, gözlərdi, qulaqlardı, barmaqlardı, bunlar hamısı xoşbəxtdilər. Çünki, iki dənədilər, barmaqlar daha çoxdu. Bəziləri bir-birlərini görməsələr də, sizi inandırıram, onlardan bir dənə də olduğunu bilirlər, Yer üzündə tək olmadıqlarını bilirlər və bundan xoşbəxtdilər. Yazıq olan baş və ürəkdi. Təkdilər.
- Bəs dodaqlar?
- Onların işi daha müşküldü. Yansalar da bir yerdə yanırlar, donsalar da bir yerdə donurlar. Hansısa birinin ayrıca yaşamaq şansı yoxdu. Ona görə də, həm xoşbəxt, həm də bədbəxtdilər.
- Belə çıxır ki, məhz yalnızlıq üzündən baş da, ürək də həyatları boyu özlərinə tay axtarırlar?
- Elədir ki, var.
- Bu yer adamı yerdən qoparır deyəsən.
- Bir az da qalın burada. Çox bilmək, çox öyrənmək istəyirsinizsə, İstanbulda daha çox qalın. Ehh, İstanbulun dili olsaydı. Bilirsinizmi nə var? Gəlin, bir yerdə Tanrıya dua edək. Dua edək ki, İstanbulun dili açılsın. Tanrı möcüzə yaratsın, dil versin ona. Lənət şeytana, bu, çox maraqlı olardı. Şəhər danışardı. İlk sözü nə olardı görən?
- Bilmirəm.
- Heç mən də bilmirəm... Əslində bilirəm, amma deməyəcəm.
- Yenə sirr?
- Yox, yox, sirli olmağı sevmirəm. Yaxşı, sizə deyə bilərəm. İstanbul dili açılan kimi deyərdi ki, qoy, məndə həmişə payız olsun. Sevgi də, ölüm də, sevinc də, kədər də yalnız payızda çıxır üzə. İstanbul deyərdi ki, mən payızın başqa adıyam.
- Həə, yəqin ki, belə deyərdi.
- Yəqin yox. Dəqiq belə deyərdi.
- Olsun.

Axşamın adam darıxdıran vaxtı idi. Boğaz qara tora bürünməkdəydi. Körpüdə şütüyən maşınların işıqları bu tora sayrışan ulduzlar taxırdı. Kişi qəfildən “sən”ə keçdi. Qadın bunu gözləyirdi ondan.

- Haradan gəlmisən bu qoca İstanbula?
- Qoca Bakıdan.
- Bakı? Eşitmişəm. Hə, eşitmişəm. Bizim müğənnilər tez-tez gedib gəlirlər ora. Bizimkiləri çoxmu sevirlər sizdə?
- Çox sevilənlər var. Konsertləri də əla keçir.
- Çox gözəl. İnsan hər hansı bir səbəbdən sevilirsə, bu yaxşıdı. Özün kimləri sevirsən?
- Barış Mançonu, Sezeni, Tarkanı, Nilufəri, Kənanı...
- Onları hamı sevir. Hamının sevdiyini sevmək asandı. Kimsə sənə qarşı çıxmayacaq, səni incitməyəcək. Sən də Sezeni sevirsən. Gücün ona çatır elə?
- Yox, yox. Heç kimin sevmədiyini də sevmişəm mən. Hamıya qarşı çıxmışam. Mən gücsüz deyiləm. Amma zaman göstərdi ki, onu sevməyənlər daha haqlı imişlər.
- Sevdiyinə peşman oldun?
- Çox.
- Budur sənin gücün? Güc dediyin yaşadığın heç nəyə peşman olmamaqdı.
- Sən eləsən?
- Hə.
- Güclüsən demək?
- Yox. Məndən güclü olanlar da var.
- Adamlar, əşyalar, otlar...?
- Sular...
- Çaylar, dənizlər, göllər?
- Yox. Spirt qarışığı olan bulaq suları məndən güclüdü. Çünki, mən onların ayağına gedirəm. Mən dəniz boyda gözə sürmə çəkə bilirəm, amma eyvana çıxıb bir butulkanı var gücümlə özümdən uzağa tullaya bilmirəm. Təsəvvür eləyirsən? Mənim də gücümün həddi var. Amma bu gücsüzlük deyil. Sadəcə insanın Tanrı olmamasına bir işarədi. Bacarığının həddi var insanın.
- Elədi.

Kişi əlini cibinə atdı.
- Olarmı daha bir siqaret çəkim?
- Buyur. Hərçənd, atamın siqaretindən başqa bütün siqaretlərin qoxusu ürəyimi bulandırır, yenə də düşünürəm ki, bu an sənin çəkməyin lazımdır.
- Niyə mütləq çəkməliyəm ki?
- Bu da mənim əvəzimə olsun. Belə havada adam gərək mütləq siqaret çəksin. Mən də çəkmirəm. Ona görə də əziyyət sənə düşür.
- Xoşdu.

Siqareti yenə əzizləyə-əzizləyə çəkdi. Əvvəlcə barmaqlarıyla sığalladı, oxşadı. Sonra yüngülcə siqaretin üz-gözünə üfürdü, onu da isitdi. Damağına qoyanda da əzmədi dişlərilə. Dodaqlarıyla yavaşca tutdu. Alışqan çıxardı cibindən, əlləri əsə-əsə siqaretə od vurdu. Elə ehtiyatla hərəkət edirdi ki, elə bil odlamaq istəmirdi onu. Sonra da siqaretə hiss etdirmədən tüstüsünü ehmalca içinə çəkdi. Ayrılmaq istəmirmiş kimi bacardığı qədər tüstünü içində çox saxladı. Amma onsuz da buraxacaqdı. Onu sevmirdi deyə yox, sadəcə belə lazım idi. Tüstü də çıxacağı anı gözləyirdi. Bilirdi ki, onunla əbədi olmaq mümkün deyildi. Vaxt çatdı. Tüstü kişinin ağzından, burun deşiklərindən fırlana-fırlana çıxıb soyuq payız havasına qarışdı. İtdi. Qadın hətta onun gözlərinin içəridən dumanlandığını da gördü. Düşündüklərini gizlətmək istəmədi:
- Qadınlarla da belə rəftar eləyirsən?

Kişi onu başa düşdü. O da elədiklərini gizlətmədi:
- Hə, bax, elə belə. Ona görə də məndən inciməzlər, ayrıldıqdan sonra da sevərlər məni. Havaya qarışıb itsələr də, sevərlər. Mən onları sevdiyim kimi.
- Yəqin ki, belə sevib-sevilmək maraqlıdı.
- Əlbəttə. Maraqlıdı, həm də əzablı. Sevgilər gərək bir-birlərinə bənzəməsinlər. O üzdən axtarış əzab verir. Rahatlanıb dincələ bilmirsən.
- Şikayət?
- Yox, yox. Yaşadığın heç nəyə peşman olmamaq. Bu həyatın qanunudu. Mənə yazılan qismətdi. İmtina etmək fikrində də deyiləm. Qarşı çıxmağın mənası yoxdu.
- İnsan bacarığının həddi var, hə?
- Axı dedim ki, bu gücsüzlük deyil! Görürəm, sən mübahisə eləməyi sevirsən. Yəqin ki, hamını çərlədirsən bu xasiyyətinlə.
- ...deyəsən...
-
Kişi hirslə ayağa qalxdı. Bir az var-gəl edib sakitləşəndən sonra qayıdıb yerində oturdu. Qadının gözlədiyinin əksinə olaraq siqaret çıxarmadı.
- Xətrinə dəydim?
- Yox.
- Bağışla. Sən bura darıxmağa, qorxunu yox etməyə gəlmisən, mənsə sənə mane oluram.
- Mənə özümdən başqa heç kim mane ola bilməz.
- O zaman özünə qalib gəl. Özünü aradan götür.
- Əlimdən gələni eləyirəm.
- Uğurlar.
- Sağ ol.

Hava lap qaralmışdı. Körpüdəki maşınlar isə seyrəlmirdi. Bu şəhər yatmırdı yoxsa? Qadın fikirləşdi ki, hər halda İstanbuldan da bezmək olar. Yatmayan şəhərlərin hamısından bezmək olar. Dinclik tapmayan, narahat, emosional adamlardan bezən kimi. Kişi onun fikirlərini oxudu sanki.

- Qorxma, İstanbuldan bezməyəcəksən – dedi.
- Niyə?
- O, hər gün qarşına bir dəliylə çıxacaq çünki. Sən də bu dəlini anlayana qədər gecə düşəcək, yeni səhər açılacaq və özüylə yeni dəli gətirəcək.
- Bu qədər dəli İstanbulda hardandı?
- Özü istehsal edir.

Gülüşdülər.

- Bilmirdin bunu?
- Yox.
- Bax, öyrəndin. Demək, bu günün də yazıldı ömrünə.
- Mən, bilirsən, nəyi öyrənmək istəyirəm?
- Nəyi?
- İstanbulun sirrini.
- Xam xəyaldı.
- Mümkün deyil? Bax, niyə axı hamı, demək olar ki, hamı İstanbulu sevir? Onu heç vaxt görməyənlər də onu sevirlər. Niyə insanlar İstanbulu görməyə can atırlar? Paris də belədi. Hər kəs ömründə heç olmasa bircə dəfə Parisdə olmaq istəyir.
- Qoy, mən öz variantımı deyim. Şəhərlərin də ruhu olur, inanıram buna. Sən hansı insanları sevirsən? Ruhu gözəl olanları, hə? Eyni qaydada, ruhu gözəl olan şəhərləri də sevirik. Özümüzdən asılı olmur. Bütün dünyanı gəzib-dolansaq da, onlardan gözəl, onlardan təmiz şəhərlər görsək də, yenə onlarla olmaq istəyirik ancaq. Ruhumuz onların ruhlarıyla dinclik tapır. Həm də bu şəhərlər şirin nağıllar, rəvayətlər bilən müdrik qocalara oxşayır. Hamımız nağıl dinləməyi sevirik - kimsə pıçıldasın qulağımıza. Gündəlik mənasız həyatımızdan qopmağa, duyğulanmağa, adam olmağa kömək edir nağıllar. Elə ona görə də bu qocaların dizi üstündə oturub hər gün onlardan nağıl istəyirik. Onlar da danışırlar. Bitmir bu nağıllar, bitmir. İnsanlar ölüb gedirlər, şəhərlərin nağılları isə uzandıqca uzanır. Hə, bax, elə buna görə də sevirik bu şəhərləri.
- Amma bizim qocanın dizlərini qırıblar...
- Bakının?
- Hə. Nə otura bilirik, nə nağıl danışa bilir bizə. Ağrıdan qıvrıla-qıvrıla qalıb.
- Həə, bu pis oldu. Allah şəfa versin.
- Sağ ol.

Susdular. Bir müddətdən sonra kişi nə fikirləşdisə əminliklə dedi:
- Bir gün gələcəm sizin qocanı görməyə. Qarşılarsan?
- Bəs nə. Qocayla da tanış edərəm səni.
- Çox gözəl. O zaman mən gedim yola hazırlaşım.
- Nə hazırlaşmaq? Pasportunu qoy cibinə, getdik.

Kişi güldü.
- Hər şey belə asan olsaydı...
- Adam istəyəndən sonra zənci olmaq da asandı.
- Elədi.

Kişi bir siqaret çıxardı. Bir az əlində tumarlayıb yenidən qutuya qoydu.
- Sizdə məşhurlara münasibət necədi?
- Hər yerdə olduğu kimi. Həyatları izlənilir, müzakirə olunur.
- Küçədə rahat gəzə bilirlər?
- Gəzirlər. Təbii ki, adamlar çevrilib baxırlar, bir-birlərinə göstərirlər. Amma yüyürüb boynuna sarılmaq çox rastlanan hal deyil. Bizim camaat bir az utancaqdı belə şeylərdə. Hamı hisslərini gizlətməyi sevir.
- Hə, adamı rahat qoysalar yaxşıdır. Sən özün məşhur olmaq istərdin?
- Yox.
- Niyə? Televizorlar ancaq səni göstərir, qəzetlər yazır, hamı tanıyır, səninlə şəkil çəkdirirlər, çoxlu pulun olur.
- Bax, çoxlu pula etirazım yoxdu. Amma küçədə istədiyim vaxt, istədiyim kimi şaurma yeyə bilməyəcəyəmsə, istəmirəm o şöhrəti. Azadlığı məhdudlaşdıran hər şeyə qarşıyam.
- Həə, azad olmaq gözəldi. Ona görə də bəzən məni heç kimin tanımadığı şəhərə getmək, küçədə adam kimi, rahat-rahat gəzmək, istədiyim barda istədiyim adamla istədiyim qədər içmək istəyirəm.
- Bu şəhərdə səni tanıyan çoxdu bəyəm?
- Hmm, hər halda küçədə rahat gəzməyə mane olacaq qədər çoxdu.
- Ooo, de ki, day məşhursan da.
- Bir az.
- Özü də xanımlar arasında.
- Onlar da var.
- Darıxmazsan onda.
- Yox, yenə də darıxıram.
- Darıxmaq pis şeydi.
- Hə.

Qadın oturduqlarından bəri ilk dəfə qalxdı. Qollarını yana açıb dərindən nəfəs aldı. Plaşının yaxalığını qaldırdı. Kişi də qalxıb ona yaxınlaşdı. Yan-yana dayandılar. Qarşı sahilə baxmağa başladılar. Oranın işıqları daha parlaq görünürdü. Qadına elə gəldi ki, buradan ora göründüyü kimi, oradan bura daha cəlbedici görünür. Uzaqlar həmişə belədi. Axtardığının məhz orada, lap uzaqda olduğunu düşünürsən. Əlçatan şeylər daha dəyərsiz. “İnsan nə axmaq məxluqdu” – qadın düşündü. Göydəki ulduzları, körpünün, sahillərin işıqlarını qucağına yığan dəniz bu dəm xəzinə üstündə oturmuş qorxunc divə oxşayırdı. Qadın üşəndi ona baxıb. Kişi öz aləmində idi.

- Sən qarşı tərəfin işıqlarına bax, bizə göz vururlar.
- Onlar mənə daha parlaq görünürlər nəsə.
- Yalançı effektdi, aldanma. Elə yanımızdakı işıqların tayıdılar. Onlar əslində musiqi çalırlar. Bir bax, notları necə yığırlar. Yanıb-sönməyi izlə.
- Mən heç nə görmürəm.
- Diqqətlə bax. Özü də rok akkordlarıdı bunlar. Ritmə fikir ver.

Qadın yenə diqqətlə işıqlara baxdı. Düzdü, yanıb-sönürdülər. Ya tək-tək, ya cüt-cüt, gah yavaş-yavaş, gah sürətlə. Amma bunlardan bir musiqi düzüb-qoşmaq ağlına gəlmirdi. Kişi isə onu tamam unutmuşdu sanki. Barmaqları havada not yığırdı.

- Sən musiqiçisən?

Kişi özünə gəldi.

- Bir az.
- Məncə, bəsindi bu “bir az”.

Gülüşdülər.

- Sizdə roku sevirlər?
- Aha. Cavanlar onunla yatıb-dururlar. Sizinkilərə də xüsusi rəğbətləri var.
- Bəs sən?
- Çox həvəskarı deyiləm. Gurultulu musiqiləri qulağım sevmir. Amma bəyəndiyim müğənniləriniz var. Yəni onların bəzi mahnıları xoşuma gəlir.
- Kimlər?
- “Mor və ötəsi” xoşuma gəlir. Cavan bir oğlan var, o da pis deyil. Teomanı da bəyənirəm.
- Doğrudan? Onun nəyini bəyənirsən?

Qadın qayıdıb yerində oturdu. Onun sualına cavab verməyə çalışdı.

- Səmimidi. Məncə, istənilən yaradıcı adamda bu əsas şərtdi. Universitet qurtarmağına baxma. O, başqa iş görə bilməzdi. O elə oxumalıydı. Oxumasa, yaşaya bilməz.
- Nə bilirsən?
- Kor deyiləm ki.
- Tükənib daha. Bu yaxınlarda deyib ki, daha mahnı yaza bilmir.
- Desin də. Mən də hər gün özümü öldürəcəyimi deyirəm. O, ölənə qədər oxuyacaq.
- Səncə, tez öləcək o, yoxsa gec?
- Nə bilim. İçdiklərinin litrindən asılı olacaq yəqin. Bir dostum deyərdi ki, rokçu gərək 27 yaşında ölsün. Çox yaşayarsa, onun da, rokun da dadı qalmaz. Çox yaşadıqca, rokçu özü də yaşaya bilməz.
- Bəlkə də... 27 yaşına qədər demək istədiyi hər şeyi deyib qurtara bilərmi?
- Niyə də hər şeyi deyib getməlidi? Ondan sonra gələnlər rokçu deyil bəyəm? Rokçu sirli yaşamasa da, sirli ölməyi bacarmalıdı. Heç olmasa, guya özüylə çoxlu sirr aparmış kimi ölməlidi. Bir sirr olmasa da, insanlarçün sirr uydurmaq lazımdır. Yoxsa darıxacaqlar ondan sonra.. Dünyanı müharibələr yox, darıxmaq yıxacaq, görərsən.
- Görəcəm o günü?
- Göylərdə də olsan, görəcəksən də.
- Hə, Teomandan danışırdıq...
- Nə deyim? Çox mahnısını bəyənirəm. Hər gün dinlədiklərim də var.
- Görmüsənmi onu?
- Yox.

Kişi güldü.

- Niyə?
- Nə bilim niyə? Görməmişəm də. Qonşumuz deyil ki, hər gün görəm.
- Heç televizorda-filan.
- Bizim televiziyalarda göstərmirlər onun kliplərini. Belədə ancaq uşaqlar göndərdiyi mahnılarına qulaq asıram kompüterimdə. Cavanlar onu çox sevirlər bizdə.
- Səncə, o necə biridi?
- Bu barədə düşünməmişəm... Yaşamağa çalışan biridi məncə. Eninə yox, dərininə düşünən biri. Səsinə görə müəyyən bir portret cızmaq olar. Görkəmində də yəqin ki, bir rokçu tipi var.
- Yəni?
- Hmm...Uzun saçlar, sərt, əsəbi baxışlar, kobud danışıq, böyük, dəmir üzüklər...

Kişinin gülüşü bütün sahilboyunu diksindirdi. Qarşı sahildə də işıqların nəfəsi kəsildi.
- Niyə sən onu belə bilirsən?
- Rokçu olduğuna görə.
- Rokçular barədə qəribə təsəvvürlərin var.
- Onlar özlərini belə tanıdıblar da, neynim? Bir ara saçlarımı uzadıb burdurmuşdum. Uşaqlar rok gitaraçı deyirdilər mənə.
- Maraqlıdı. Qısasaç rokçular da var axı.
- Var, var. Morun solisti saçsızdı, görmüşəm.
- Şükür ki, onusa da görmüsən.
- Hə.
- Hansı mahnılarını sevirsən Teomanın?
- Çoxdu. “On yeddi”, “Rapsodi İstanbul”, “Aşk qırıntıları”. Yenə demə ki, hamının sevdiyini sevmək asandı. “İstasyon insanları” da xoşuma gəlir. Bir dostum var, saatlarla vağzalda oturmağı sevir. Bu mahnıya qulaq asanda, o, yadıma düşür həmişə. Adamlara baxır sadəcə. Dayanmadan düşünür. Nə düşündüyünü soruşanda da, “bilmirəm” deyir.
- Maraqlıdı. Sənin dostların bəlkə də haqlıdılar. Rokçuları tez öldürməkdə, vağzalda oturmaqda... Hə, onlar haqlıdılar. Rokçular tez ölməli, insanlar vağzalda yaşamalıdılar. Ölüm haqdı, itmək çox mümkün bir şey. Amma rokçu ölmək daha maraqlı, vağzalda itmək daha təbiidir. Başqa cür ölüm, başqa cür itmək insafdan deyil. Ehh, düşünmə bunları, düşünmə, kim anlamış ki, sən anlayasan böylə...

Qadın güldü.

- Gördün, sən də Teomandan oxudun.
- Gördüm. Deyəsən, hələ çox oxumalı olacam Teomandan.

Artıq gecə idi. Saatı unutmuşdular. Daha üşümürdülər. Susmuşdular. Məmnun idilər. Getməliydilər. Bu qəribə təsadüf, bu adda-budda söhbət sona çatmalıydı. Burdaca.

- Mən də mahnı oxuyuram...
- Doğrudan? Nə yaxşı.
- İstəyirsən səninçün oxuyum birini. Bu günün mahnısını. Bizim mahnımızı. İstanbulun mahnısını.
- Oxu.

Kişi ayağa durdu. Gödəkcəsinin yaxasını açdı. Qadına baxdı, dənizə baxdı. Dərindən nəfəs alıb ciyərlərini payız havasıyla doldurdu. Amma oxumadı. Onu müşayiət etməyə hazırlaşan qarşı sahilin işıqları belə küsüb bir anlıq söndülər.

- Qalsın. Bakıya gələndə oxuyaram.
- İndi niyə oxumursan ki?
- İndi? İndi oxuya bilmirəm. Bilmirəm, oxuya bilərəmmi bu dəqiqə.
- Yaxşı. İstəmirsən, qalsın. Belə işdə zor olmaz.
- Anlayışın üçün sağ ol.
- Nəsə içdən gəlmirsə, eləmək lazım deyil.
- Elədi.
- Bəs Bakıya nə vaxt gələcəksən?
- Bilmirəm. Amma gələndə sən mütləq biləcəksən.
- Danışdıq.

Kişi gödəkcəsinin yaxasını bağladı. Qadına baxıb gülümsədi.
- Səni tanımaq maraqlı oldu.
- Tanımaq?
- Hə.
- Amma mən səni tanımadım.
- Boşver beni, mühim deyilim...
- Yenə? Olsun...
- Mən getdim. Sən də get.
- Gedirəm.
- Get, amma yenə qayıt İstanbula.
- Niyə?
- Səni sevənlərin gözünü heç vaxt yolda qoyma. İstanbul sevdi səni. Hiss eləmirsən?

Kədərli təbəssüm qadının soyuqdan göyərmiş dodaqlarına yaraşdı.
- İnanmaq istərdim.
- İnan – kişi əminliklə dedi.

Qadın azca düşünüb:
- İnandım – dedi. Həm də əminliklə dedi.
- Yaxşı yol.
- Gülə-gülə.

Hərə bir tərəfə çevrilib getdi. Bitdi.


***

Mən müəllif olaraq qəhrəmanlarım getdikdən sonra nəsə yazmağı özümə borc bilirəm.
Onlardan xəlvət.
Öncə: “Dünya köhnə dünyadı, görüşləri təzədi?” - deyirəm.
Sonra da deyirəm ki, heç nədən başlayıb heç nədə qurtarmaq mənasızlıqdı.
Burada başqa nəsə də olmalıydı.
Xatirə-filan.
Kişi bir qələm hədiyyə edə bilərdi.
Qadın yaylıq bağışlaya bilərdi.
Yəqin onların ciblərində belə şeylər tapılardı.
Amma heç nə olmadı.
Təxmin edirəm niyə olmadı.
İndi deyəcəm.
Çünki, bir-birlərini lap yaxından tanısaydılar belə, bu onların həyatlarında heç nəyi dəyişməyəcəkdi!
Həyatları dəyişməyən görüşlər, hədiyyələr nəyə lazım?
İndi hər kəs öz şəhərində, öz həyatının içində.
Qadın Bakıdadı. İşləyir. Teomanı dinləyir yenə, amma hələ görməyib.
Kişi İstanbulda. O da işləyir. Mahnı oxuyur.
Hərdən bir-birlərini və o tutqun İstanbul payızını xatırlayırlar amma.
Hə, bir də bəzən, darıxdıqları axşamlarda İstanbulun dili açılsın deyə bir-birlərindən xəbərsiz Tanrıya dua edirlər.
Vəssalam.

Əliş kişinin yad edilməsi


“Mən də bir az postmodernistəm” silsiləsindən.

Səsdən pəncərənin şüşələri, stolun üstündəki qədəhlər və bir də Timurun qulaqları cingildədi. Timur bildi ki, etiraz eləməyin yeri yoxdu, Çingizxan başladısa, dayanmayacaq. Əslində onun gülməyi əsəbləşdirmirdi Timuru, danışdıqlarının gülüşə səbəb olması idi onu özündən çıxaran. Ürəyində hələ Çingizxana “qanmaz” da dedi. Heyfi gəldi elədiyi söhbətə.

Çingizxan gözlərindən yaş gəlincə güldü və birtəhər özünə gəlib Timuru şoka salan cümlə çıxardı ağzından:
- Day denən bizim kəndin hamısı pos...pos…nədi e o…posmos…posdos…ondandı ki…

Bu dəfə əvvəlkindən daha bərk gülməyə başladı və bu dəfə Timur hirslənmədi. Onun bayaqdan özünə əl qata-qata, ağzı köpüklənə-köpüklənə danışdıqlarından Çingizxanın belə nəticə çıxarması Timuru həm təəccübləndirmişdi, həm də əmoğlusunun necə geri qalmasından, dardüşüncəli olmasından təəssüf hissi keçirmişdi.

Timur qarışıq hisslər içində çırpındığı vaxt Çingizxan öz aləmində idi. Dünya vecinə deyildi. Heç bütün kafenin çevrilib ona baxması da eyninə gəlmirdi. Timur da ona “dayan”demirdi. Bu onlarda nəsil xəstəliyi idi. Gülməyə başladılarmı, 15-20 dəqiqə dayanmazdılar. Axır Çingizxanın əyləncəli, Timurun əsəb dolu 15 dəqiqəsi keçdi. Çingizxan o qədər güldü ki, ayıldı tamam. Bu cür ayılmağı özünə də ləzzət elədi.

- Səni belə gördüm, sevindim, əmoğlu, yoxsa…düzü, deyirdilər ki, özünü çəkirsən, kənddən gələnləri saymırsan…amma sən elə Əlişin nəvəsisən ki, durmusan, heç o yan-bu yanı yoxdu…özümüzə oxşamısan e, ana tərəfinə çəkib şəhərli olmamısan, qadan alaram…kənddə hamıya danışacam bunu, özüm ölüm…sənin sağlığına…

Timurun özlüyündə “Çina” adlandırdığı Çingizxanın onu özlərinə oxşatması Timuru nə hirsləndirdi, nə də sevindirdi. Onun fikri hələ də bayaq əmoğlusundan eşitdiklərinin yanında idi. Eləcə maraqlı görünmüşdü onun yanaşması.

- Niyə bayaq dedin ki, onda bizim kənd hamısı posmosdu?

Çina arağın dalıyca xiyar turşusunu ağzına dürtüb yenə güldü:

- Ə, başa düşmədin? Mənə oxuduqların nə idi, hə? Demədin şeirdi? Demədin posmosdu, nədi, elə şeirdi? Demədin indi belə moddu, əsl şairlər belə yazırlar?
- Dedim və sözümün də üstündəyəm!
- Ə, ay evi tikilmiş, ona görə deyirəm də, onda bizim kənd hamısı əsl şairdi, bizim rəhmətlik babamız da …nədi e o, axırı belə biədəb çıxırdı… məktəbdə oğlanlarla xəlvəti deyib gülürdük o sözə Aydın müəllimin dərsində…ə, o çoxdan ölmüş şairlərə deyilər e…
- Klassik…
- Hə, hə, qadan alaram elə, bizim babamız da bütün bu şairlərin klassikidi!

Çina dedi və ətrafına baxdı, görsün, bu biədəb sözü eşidən olmadı ki.

Timurun hövsələsi bir tikə olmuşdu. Əgər əmoğlu kefli idisə, heç, bağışlayacaqdı, əgər yox, onunla məzələnirdisə, halı yaman olacaqdı. Vəziyyətlərində balans yaratmaq üçün Timur da bir qədəh araq tökdü boğazına, 100 qramlıq qədəhi yerə qoyub, dalıyca da masaya yekə bir yumruq vurdu.

- Mənə izah elə görüm dediklərini.

Çina əmoğlusunun hirsləndiyini başa düşdü. Bəs necə, damarlarında eyni qan axmırmı bəyəm, o bilmirmi ki, bəyəm, onların nəslində kişi hirsləndisə, vsyo? Ya söyəcək, ya qıracaq, ya da arvadı döyəcək. Çina onlara oxşadığı üçün Timuru daha çox istədi. Ayağa durub bağrına basacaqdı az qala. Kafedəki millətdən utandı.

- Bu dəyqə, qadan alım, indi özün hər şeyi başa düşəssən. Sən mənə çox şey danışdın. Vallah heç nə qanmadım. Altı sinif oxumuşam zorla, özün bilirsən. Heç peşman da deyiləm. Mal-qaram, qoyun-quzum, ev-eşiyim, hərdən də gəlirəm Bakıya istədiyim kimi kef eləyib gedirəm. Kənddə neçə qız mənim papaq eləməyimi gözləyir canınçün…
- Kəsə gəl görüm…
- Onu deyirəm də, başa düşmədim sənin dediklərini. İnstitut oxumusan, diplomlu adamsan, fikirləşdim ki, nəsə ağıllı şeylərdən danışırsan. Ömrümdə eşitmədiyim sözlər deyirdin də. Aydın müəllim rəhmətlik belə qəribə sözlərlə danışardı…Həm də elə danışanda görürdüm ki, nə qədər başqa adamsan e, heç bizə oxşamırsan, əməlli-başlı şəhərlisən…lap heyfim gəlirdi sənin kimi oğlana…sifətdən də eynilə babamızsan…hamı deyir ki, mən də daldan oxsayıram babama…

Timur onun yenə gülməyə hazırlaşdığını görüb qışqırdı:

- Offfffff, ə, sözünü de dana!
- Ə, sənə qurban olum, hirslənəndə lap özümüzə oxşayırsan e…ən çox da babamız Əlişə…Sən də mi söyürsən, evdə nə var qırırsan hirslənəndə?
- Bə nədi, kişi döyülük?!
- Dilinə qurban! Babamızın ruhu indi nə kef görür, Allah bilir bircə. Kişi indi o dünyada sevindiyindən leysan tökür gözlərindən…Qoy səni bir öpüm…

Çina bu dəfə utanmayıb (əmoğlusuna olan sevgi utanc hissinə qalib gəlmişdi) ayağa qalxdı. Timuru necə basmarlayıb öpdüsə marçıltısı bütün kafeyə yayıldı. Hamı da çevrilib baxdı. Çinanın heç babasının bir yerinə oxşayan yerinə də olmadı.

- Yaxşı ki, o şeirləri oxudun. Yoxsa, əlimi səndən üzmüşdüm tamam…
- Ə, bağrın çatlasın, baban yolu gedəsən, zatına lənət sənin, ürəyim çəkildi axııııı…

Bu dəfə də Çina 15 dəqiqəlik taym-aut götürdü. Kafedəkilər bu iki cavan oğlanın sadəcə kefli olduqlarından kef elədiklərini düşünüb bu dəfə heç çevrilib baxmadılar da. 15 dəqiqə ərzində Timur 200 qram da gillətdi. Çina ikinci dəfə də onu qucaqlayıb quluncunu qırdı.

- Əmoğlu, ə, sən nə qiyamət oğlansanmış. Bundan sonra Bakıya gələndə ancaq səni tapacam.
- Hörmətin artıq olsun. Sözünü de qurtar, bir təmiz havaya çıxaq.
- Düz deyirsən, gəl çıxaq day, yolda danışaram.

Çina əmioğlusuna imkan verməyib haqq-hesab elədi ofisiantla. Çıxıb üz qoydular dənizə tərəf.
Bir müddət heç biri danışmadı. Sahilə çatıb dəmir məhəccərə söykəndilər. Hərəsi bir siqaret yandırdı.

- Əmoğlu, bu Bakıda xoşum gələn bircə şey var, o da bu dənizdi, bilirsənmi?
- Bilirəm…Bu dəniz kimin xoşuna gəlmir ki?...

Timurun yenə şairliyi tutmuşdu. Ağlına gələn misralara “gəlmə” deyəmmirdi. Çina da arif oğlan idi, altı sinif oxuyanda nolar. Əmoğlusunun çorta getməsindən məsələni anlayıb yüyürdü yaxınlıqdakı fotoqrafın üstünə. Heç nə demədən onun əlindəki qələm-vərəqi alıb qaça-qaça qayıtdı.
- Ala, başına dönüm…

Onun bu qayğısı Timuru yaman kövrəltdi. Bu dəfə də o, əmoğlusunu qucaqlayıb quluncunu qırdı. Dənizdən əsən meh əmoğlanlarının saçlarını bir-birinə qarışdırdı. Kənardan baxanlar bu mənzərədən tamam mütəəssir olmuşdular. Hər ikisinin ürəyi çırpınırdı. Damarlarındakı Əliş kişinin qanı az qala ürəklərini partlatmaq üzrəydi, Timur da “məni də kəndə apar, babamın qəbrini görüm” demək istəyirdi ki, cingiltili qız səsi əmoqlanlarını bu dünyaya qaytardı.

- Vauuu, kimi görürəm, necəsən?

Timur başını əmoğlusunun çiynindən götürüb qıza baxdı və Gülyanı tanıdı. Adı nə idisə elə hamı Gülya deyirdi qıza. İstər-istəməz yay macəraları yadına düşdü. Gülümsündü. Çinanın ürəyi dağa döndü: “Lap babam kimi qımışır”.

- Necəsən? Görünmürsən?
- Mən əla! Qızlarla çıxdıq dəniz havası udmağa... Bu cavan oğlan kimdi belə? Bizimkilərə oxşamır…
- Mən Teymurləngin böyük əmisinin kiçik oğluyam – Çingizxan özünü mədəni şəkildə təqdim elədi.

Qızlar ürəkdən qəhqəhə çəkdilər.

- Teymurləng??
- Hə də, niyə gülürsüz ki?
- Biz onu Timur kimi tanıyırıq axı…

Çina təəccüblə Timura baxdı. Onun bir qaşının qalxmasından məsələni anladı. Arif oğlan idi axı Çingizxan, altı sinif oxuyanda nolar ki.

- Şairlik eləyəndə Timur olur də. Amma Teymurləng də pis deyil. O boyda hökmdar olub. Mən də Çingizxanam.

Qızlar yenə gülüşdülər. Gülya Timurun qoluna girdi.

- Amma əmoğlun düz deyir ha. Tamerlan! Belə çox möhtəşəmdir. Bundan sonra bu imzayla yaz.

Söz deyəsən Timurun da ağlına batdı. Mehriban nəzərlərlə Çinaya baxdı. Əmoğlu da xam deyildi, arif idi, başa düşdü ki, deyəsən, yaxşı iş görüb.

- Baxarıq - dedi Teymurləng.

Qızların ağızları getdi qulaqlarının dibinə. Gülya Tamerlana göz vurub eyhamla:
- Yaxşı da, biz gedək, görüşərik…- dedi.
- Yaxşı yol, xanımlar, bizə görə bir qulluq – Çina dilləndi.

Əmoğlunun mərifəti Tamerlanı poeziyanın yeni üfüqlərinə səslədi lap. Onun yerdə qalan quluncunu da qırardı bu dəm, amma qızlardan ayıb elədi.
Qızlar sağollaşıb uzaqlaşdılar. Çina tez dilləndi:

- Əmoğlu, yox demə, bu sarı qız səndən kəsir deyən.
- Gülya? Kəsir deyəndə ki…bu yay bir haqq-hesab olmuşdu.
- Pahooo, deyirəm də, gözü üzündə idi. Ürəyinə od qoymusan qızın.
- Əşi, nə od? Bir iş idi…
- Necə iş e? Qəşəng qızdı…Amma day özün bilərsən də…Sonra nəyi xoşuna gəlmədi ki, evlənmədin?
- Nə evlənmək? Dəli olmusan? Bir az yaşadıq bir yerdə, bitdi getdi…vəssalam.

Çina gözlərini döydü. Çevrilib qızların arxasınca sınayıcı bir nəzər saldı.

- Qağa, demək belə pis çıxmasın, onlardandı bu Gülya?
- Ə, yox, ağzını dağıtma…sadəcə, müasir qızdı də, kefi necə istəyir elə də yaşayır...şeir də yazır, erotik şeirlər…hərdən tədbirlərdə görüşürük…

Cina fikrə getdi.

- Ə, o Hətəm gətirən kasetlərdəkindən yazır?
- Təxminən – Timur Hətəmi tanımasa da, söhbətin hansı kasetlərdən getdiyini anlayıb qımışdı və əmoğlunu asanlıqla başa sala bilməyəcəyini görüb kəsə çıxdı.

Çinanın dəyirmanı üyütmürdü ki, üyütmürdü.

- Qağa, elə-belə yaşadız getdi, hə? Bəs indi onu kim alacaq?

Bu dəfə taym-aut növbəsi Tamerlanın idi. 15 dəqiqə ərzində Çina gözlərini döydü, Timur güldü. Timur qəşş elədi, Çina “Allah, sən saxla!” dedi. Timur gülüb tamam ayılandan sonra Çinaya bəzi mətləbləri onun anlayacağı dildə başa salmağı özünə borc bildi.

- Sən dediyin geridəqalmışlıqdı, əmoğlu. İndi oğlanlar, qızlar Avropadakı, Amerikadakı kimi yaşamaq istəyirlər. Düzdür, hələ belələri çox deyil, amma artacaq – gənc şair əminliklə dedi.
- Lap kinolardakı kimi? Kimlə istədilər, nə qədər istədilər yaşayıb ayrılırlar?
- Ə, sən nə qiyamət oğlansanmış. Bundan sonra Bakıya gələndə mütləq məni tap. Bir sözdən qanırsan hər şeyi. Altı sinif oxuyanda nolar?

Nə qədər təriflənsə də, Çinaya belə şeyi qəbul eləmək çətin gəlirdi. Qaşlarını qaldırıb, çiyinlərini çəkdi, Bakının bu yeni düzənini anlamağa çalışdı. Amma qalxmış qaşlar, çəkilmiş çiyinlər ona kömək eləmədi. Əvəzində Timur-Teymurləng- Tamerlan yenə onun boğazına çökdü.

- Bayaqkı söhbət yarımçıq qaldı axı. De görüm, kəndi nədən mən deyənlərə calaq elədin?

Çina fikirdən ayıldı.

- Həə…ə, heç nə…elə ağlıma gəldi birdən…
- Yaxşı, tez ol görüm…
- …Hmm…deyirsən, bu cür yazmağı birinci kim uydurub Bakıda?
- Həmid Herisçı.
- Həmid? Adı Həmiddisə, demək yaxşı oğlandı. Bax, bizim kənddə neçə Həmid var, hamısı əla oğlanlardı. Keçəl Həmid, Şofer Həmid, Zloy Həmid…hamısına can qurban…
- Ə, mətləbə keç görüm e!
- Ə, canınçün heç nə. Prosto sənin şeirlərin bizim camaatın danışığına oxşayır dana, ona görə dedim.
- ???
- Ə, çıxar o vərəqləri.

Timur döş cibindən bir dəstə vərəq çıxardı. Özünün və “Uzaqlar” ədəbi məclisinə toplanmış şairlərin yazdıqları idi.

- Aç, lyuboysunu oxu.

Timur əmrə müntəzir imiş kimi açıb oxumağa başladı. Amma Çinaya tapşırdı ki, gülməsin, yoxsa oxumayacaq.

- Bax, o iki qoşa dağı görürsən? Sənin döşlərinə oxşayır, elə bil əllərini geri atıb uzanmısan, sıxsam onları süd çıxar. Amma sıxmıram, zəhərlidir sənin südün, içib ölərəm. Necə ki, dağın altından çıxan çay ətrafdakı çəmənləri qurudub işəmək kimi, səndən çıxan hər şey zəhərlidir…

Timur oxuyub qurtardı, Çinanın üzünə baxdı. Çina babası sayaq qımışırdı.

- Ə, yadına düşmədi nənəmin xalası qızı Gülgəz arvad?

Timurun gözünü döyməsindən Çina anladı ki, yadında deyil.

- Ə, gəlinin dalınca söymürdü ki, qancığın qarnından çıxmışın südündə zəhər var, doğduqlarının hamısı acıdildi, söz deyəni çalırlar?
- …Həəə…belə bir söhbət yadıma gəlir…yadıma gəlir o arvad…həmişə gəlinindən qeybət eləyərdi…
- Ay sağ oool…
- Əladı ki! Bu eynilik heç mənim ağlıma gəlməmişdi. Bu barədə yazmaq da olar. Məsələn, xalqdan gələn müasirlik-filan…Əmoğlu, yaman paralellər aparırsan ha.

Nə aparmasının fərqində olmayan Çina əmoğlusunun sevinməsindən vəcdə gəlmişdi.

- Ə, vicdansız, babamın nağılları yadından çıxıb? Hamısı da lüt pərilərdən, arvadpusan kişilərdən olardı. Dədəm də dalaşardı ki, uşaqları pozma, danışırsan mərifətli şeylər danış?
- Həəə…yadımdadı…
- Babamın şeirləri bəs? Qancıq Əlişin oğlu Tülkü Qasımın pəyəsinin dibində cavanları başına yığıb nə gözəl şeirlər deyərdi, əhvalatlar danışardı toy gecəsindən-zaddan…
- Ə, sən öl, yadıma düşür…dedim ey qönçədəhan…
- …işdanı qan eyləmisən…

Əmiuşaqları lap uşaqlaşmışdıar. Uzaq illərin o tayında idilər. Baməzə bir kişinin dizinin dibində oturub onun dediklərini çinədanlarına yığırlar. Guya başa düşürmüşlər kimi altdan-altdan gülürlər. Baba da onlara göz vurub başlarına sığal çəkir...

- Ə, hələ guya meşəlikdə bir pəriylə sevişməyini eşitmişdin onun? Nənəmdən xəlvət danışardı.
- Ə, bəc necə? Guya pəriylə deyişirmişlər meşədə…

İkisi də ürəkdən güldü. Düz 15 dəqiqə. Əliş kişi də belə gülərdi. Düz 15 dəqiqə.

- Ey pəri, səndəki dərmandı axı məndəkinə.
- Ey çoban, dərman nədi, məndəki nə?
- Ey pəri, gəl yanıma, soyuq olar səndəkinə.
- Ey çoban, deyən od düşübdü səndəkinə…

Yenə 15 dəqiqə güldülər.

- Ə, babam söyəndə bütün kənd tamaşasına durardı. Nənəm utandığından evdən çölə çıxmazdı. Oturub-durub kişiyə qarğış tökərdi ki, saqqalı qanına bulaşmış bizi rüsvay elədi yenə el içində.
- Ə, yadımdadı hamısı…
- Biz də babamın tərəfini tutardıq…
- Nənəm də bizi söyərdi ki, oxşamışınız dərin getsin. Ondan artıq olmayacaqsız ki…

Daha gülməyə taqətləri qalmamışdı. Yüngül gülümsəməklə keçdilər bu xatirənin üstündən. Çina şair əmoğlusunun bayaqkı tərifindən qanadlanıb yeni bədii paralellərini ortaya qoydu.

- Ə, babam da ağzını gül açardı, sənin şairlərinin də dilindən düşmür andırların adı. İndi de görüm, səndəki şeirlərlə babamın şeirləri arasında nə tafot var, hə? Yenə babamı nənəm söyərdi ki, söymə, sənin şairlərini heç söyən də yoxdu ki, söyməyin!

Timur-Teymurləng-Tamerlan fikrə getdi. Gözünü döydü. Çiynini çəkdi. Dənizə baxdı. Çinaya baxdı. Göyə baxdı. Əlindəki vərəqlərə baxdı. Və babası Əliş kişi kimi ucadan, çiyinlərini ata-ata gülməyə başladı. Çina da ona ayaq verdi. Timur babası kimi gülə-gülə fikirləşməyi də bacardığından 15 dəqiqə ərzində çatdırıb ağlından keçirdi ki, heç kimdən çəkinməyərək dənizin kənarında partdayınca gülməyin, qışqırmağın, söyməyin də posmos deyilən şeyə aid olması, yəni şəxsiyyət azadlığını ifadə etməsi barədə də əmoğlusuna mütləq mühazirə oxumalıdır. Çünki o, yaxşı oğlandı, qanan oğlandı, altı sinif oxuyanda nolar, dünyanın işlərindən baş çıxara bilir.

Ətrafdakıları veclərinə almayıb yerə çöküncəyədək güləndən sonra lap anadangəlmə oldular. Amma daha içmək istəmədilər. Qərara gəldilər ki, tez bir molla tapıb Əliş kişıyə “Quran” oxutsunlar. Biri kənddə, biri Bakıda dalbadal doğulduqları üçün adlarını da yaraşdırıb Əliş kişi qoymuşdu. Onları qəhrəman görmək istəmişdi. İndi istəməsin, çox istəyərdi öz hökmdar nəvələrini…


Əmiuşaqlarının hər ikisi görüşdən razı idi. Gənc şair artıq postmodernizmin əsasları, xeyir-şər davası, ədəbiyyatın qütbləşməsi, həyatın özünü şeirə gətirmək, modern estetika barədə düşünmürdü. O, kəndə getmək, postmodernizmin əsl yaradıcılarının qulunclarını qırmaq istəyirdi şaqqaşaq. Yadına düşdü ki, qocaman yazıçılar insanın bu halına “torpaq çəkir” deyirlər. Çina da kəndə getmək istəyirdi. Heç belə tələsməmişdi kəndə qayıtmağa. Tez qayıdıb bütün ağzıgöycəkləri yerində oturtmaq istəyirdi ki, onun əmisi oğlu heç də öz kökündən ayrılmayıb, anası tərəfə çəkməyib, elə onlardan biridir. Əliş babası kimi danışır, onun kimi qımışır, bazlığı da var, hirslənəndə də kişi kimi söyür, hələ bir söydüyü kimi yazır da, evdə də nə var dağıdır. Arvad alanda da mütləq döyəcək onu hirslənəndə. Çünki damarlarında bu nəslin qanı axır.


…Axşamın alatoranında hələ də molla tapacaqlarından ümidlərini kəsməyib bulvar fanarlarını saya-saya funiklyora tərəf qoşa addımlayan əmiuşaqları Xəzərin seyrinə çıxmış qısadonlu qızları görəndə çevrilib bir-birlərinə baxır, sol gözlərini qıyıb, sağ qaşlarını qaldırır, babaları kimi qımışırdılar…

вторник, 11 августа 2009 г.

Payızla görüş




Çiyninə düşən yarpağa baxıb gülümsündü. Başını qaldırıb ona sataşan budağa barmağını silkələdi. Yəni, kəsərəm ha. Sonra həmin barmağını dodaqlarının üstünə qoyaraq çiynindəki sarı yarpağa gözlərini ağartdı. “Sss” dedi. Yəni səs salma, eşidən olar. Budağı və yarpağı hədələyəndən sonra yenə ehmalca tindən boylandı. Pahoo, nə qədər adam vardı! Tez başını geri çəkdi. Gərəksiz yerə həyəcanlandığı üçün özünə 1-2 “şirin” söz də dedi dodaqaltı. Elə dedi, heç özü də eşitmədi. İki-üç dəqiqə də keçdi. Axır birtəhər toparlanıb tindən buruldu, düz avtobusa tərəf getdi. İstər-istəməz gülümsəyirdi. Avtobusun yanına yığışanların hamısı elə bil eyni vaxtda gördü onu, var səsləri ilə qışqırmağa başladılar. Amma nə dedikləri aydın deyildi. Hay-küylü salamlaşmalardan, qızlarla öpüşüb-görüşmələrdən sonra onun kim olduğunu tapmaq üzrə yarış başladı.

- İndi tapaq görəəək, bu qız kimdi...

Dəcəl Keçi birinci başladı. Şəkildəki kimiydi elə - gülməli. Mülahizələr yaz yağışı kimi töküldü üstünə. Amma bu sonsuz variantların içində onun adı yox idi. Gələcəyini deməmişdi heç kimə. Ağıllarına da gəlməzdi. O isə uşaqlara baxıb gülürdü. Demək olar ki, hamısını bir anda tanımışdı. Roşka, Günəş, Abbasquluağa, Şeytan, Gül, Etibar....Elə bil yüz ildir bir yerdə bunlarla dönər yeyib, ayran içir. Təsəvvür etdiyi kimi sevimli idi hamısı. Axır səs-küyə dözə bilməyib sakitcənə:

- Mən Payızam – dedi.

Elə səslə dedi, sanki həyatının ən böyük etirafını eləmişdi. Bundan sonra səs-küy daha da gücləndi. Öpüşmə mərasimi yenidən başladı. Bu vur-çatlasın bəlkə də hələ uzun sürəcəkdi, yaxşı ki, iki maşın avtobusa çatıb dayandı. Ağ maşından əvvəlcə uşaqlar tökülüşdü. Sonra bir qadın düşdü. Lap axırda sürücü. Sarıköynəyi o dəqiqə tanıdı. Heç kimə macal verməyib yüyürdü qızın üstünə. O da tanımışdı. Möhkəm-möhkəm sarıldılar bir-birlərinə. İllər ayrısı kimi. Hərçənd ilk dəfəydi görüşürdülər. Onun ardınca qızlar da Sarıköynəyi əhatəyə aldılar. Hamının sevimlisi idi Sarı. Sarıköynəyin əri onlara təəccüblə baxıb gülürdü.
Qırmızı maşının içindəkilər isə tələsmək fikrində deyildilər. Hətta elə düşünmək olardı ki, bu maşının burada yığışanlara, ümumiyyətlə, bütün bu haqq-hesaba heç bir dəxli yoxdur. Amma qapılar açıldı. Bir qız, bir oğlan düşdü. Oğlan gülürdü. Qızın qolundan tutub yavaş-yavaş avtobusa yaxınlaşdı. Gümrah səslə:
- Sabahınız xeyir! – dedi.
Hamı salamlaşdı. Uşaqlar təəccüblə bir-birlərinə baxdılar. Gələni tanıyan yoxuydu.
- Balam, sizdə Ağsaqqalla belə görüşürlər?

Budəfəki səs-küy artıq səhər yuxusuna haram qatılmış bina sakinlərini də eyvanlara tökdü və səyahətçilərin qadınların qara-qışqırığı altında avtobusa doluşub aradan cixmaqdan başqa çarəsi qalmadı.

Nəhayət ki, görüşdülər. Demək olar, hamı gəlmişdi. Çoxdan hazırlaşırdılar. Proqram tutmaq üstündə hətta bir-birindən küsənlər də vardı. Əvvəlcədən tanış olanlar daha şən görünürdülər. Avtobusda elə qarışıqlıq vardı ki, it yiyəsini tapmazdı. Əvvəlcə uşaqları arxadakı böyük oturacaqlara keçirdilər ki, rahat olsunlar. Sarıköynəyin iki oğlu, Günəşin qızı, Mexanın iki qızı artıq dostlaşmışdılar. Dünya veclərinə deyildi. Amma yekələrin səs-küyünə çatmazdı onların cır səsi. Admin hamının yerbəyer olduğunu görüb irəli çıxdı.

- Salam , uşaqlar!

Xor cavab verdi:

- Salam, cənab Admin!

Admin qabaqdakı oturacaqlardan birinə söykənib nitqinə davam elədi:

- Uşaqlar, təklif edirəm, bu gün hamı bir-birini nikiylə çağırsın!
- Uraaaaaa!!
- Deyirəm, mənzil başına çatmamış yolda bir çay içək.
- Uraaaaaa!!
- Kim dözə bilməsə, utanmasın, desin, avtobusu harada gəldi saxlada bilərik.
- Uraaaaaa!!

Belə məlum oldu ki, bu gün heç nəyə etiraz edilməyəcək. Bu gün hər kəsdə başqa bir əhval-ruhiyyə vardı.

Avtobus tərpənəndən sonra səs-küy azaldı, sözə yer açıldı. Tanışlıqlar başladı. Payız pəncərənin qarşısında özünə yer edib uşaqları süzürdü. Bir foruma yığışmış insanlar idilər. Müxtəlif yaşda, müxtəlif peşədə. Bəzən adam fikirləşir ki, tanımadığı bir adamla ortaq nəyi ola bilər? Üzünü görmədiyin insanları necə özünə doğma saya bilər? Həm də hər gün həyatda gördüklərindən daha çox. Forumdakılar kimi. Burada insanlar söz döyüşünə, fikri yürüşünə çıxırlar. Sevinirlər, kədərlənirlər. Sevib-sevilirlər. Bəzən istəmədən bir-birlərinin könlünə dəyirlər. Amma yenə də gəlirlər. Sanki gedəcək başqa yerləri – qohum evləri, rəfiqələrin, dostların iş yerləri, dükan-bazar yoxdur, elə bura var ancaq....

Onu fikirdən Dəcəl Keçi ayırdı:

- Nədi, sakitcə durmusan ki, dəyib-dolaşan olmasın? Heç kimə imkan vermirdin ki, forumda.

Payız güldü.

- Yaxşı, deyirsən neyləyim?
- Səhər-səhər ac gələn olar birdən. Al bu buterbrodları, payla camaata, bir qabiliyyətini görək. Hamımız subay uşaqlarıq.

Avtobusda gülüşmə qopdu. Çarəsi yoxuydu. Yerindən qalxıb avtobusun arxasından başlayaraq buterbrodları paylamağa başladı. Daha doğrusu özünü subay uşaqlara göstərməyə. Arxada oturmuş balacalar imtina etmədilər. Sarıköynək istəmədi, əri götürdü. Ağsaqqal əvvəl 2 dənə istədi, sonra “3” dedi, aralanmaq istəyəndə “4 dənə ver” eşitdi.

- Hamısını yeyəcəksən?
- Yox, pəncərədən quşlara tökəcəm.

Hamı gülüşdü. Ağsaqqal yanında oturmuş arvadına işarəylə:

- Buna 5 min dollar xərc çəkmişəm. İndi də gərək yaxşı baxam də, zay olub getməsin. Üçünü o yeyəcək, birini mən - dedi.
Arvadı qaşlarını qaldırıb fağır bir təbəssüm göstərdi. Payız başını bulaya-bulaya Ağsaqqala dörd dənə buterbrod verib irəli keçdi. Günəş də birini götürdü. Roşka çipsiyə girişdiyindən buterbroda çəpəki baxdı. Dəcəl Keçinin başı Gülə necə qarışmışdısa, nəinki başının üstündə duran Payızı görmürdü, hətta söhbətinə bütün avtobusun qulaq kəsildiyinin də fərqində deyildi.

- Gülüm, axı, sən mənə niyə inanmırsan? Vallah, ömrümdə əlimə qələm alıb şeir yazmazdım, sən məni buna məcbur elədin. Özümə yer tapa bilmirəm. Dərsdə oturammıram e. Axır qovacaqlar universitetdən. Dədəmə cavab verə biləcəksən onda?

Daha avtobusda səbir qalmamışdı. İçinə bomba düşmüş kimi partladı. Keçi yerindən dik atıldı. Qıp-qırmızı olmuşdu. Özünün dediyi kimi, sovet onluğuna dönmüşdü. Gülməkdən Gülün də gözlərindən su axırdı. Dəcəl Keçinin sevgisindən forumda hamı xəbərdardı. Amma neynirsən, Gülü bişirə bilmirdi ki, bilmirdi.

- Bəsdirin də. Elə bil kinoya baxırlar. Nə gözünüzü zilləmisiz?

Keçinin bu sözləri gülüşün dərəcəsini artırmağa xidmət etdi ancaq. Bəlkə də mənzil başına çatınca güləcəkdilər, amma qəfildən sürücü maqnitofonunu işə saldı. Millətin səsi xırp kəsildi. Maqnitofondan çıxan səs hamını yerindəcə dondurdu və yola çıxandan bəri ilk dəfə olaraq etiraz səsləri göyə bülənd oldu:

- Ay dayı, sən Allah, kəs onun səsini!
- Dayı, qurban olum, bizə yazığın gəlsin!
- Ağsaqqal, biz dincəlməyə gedirik e, dincəlməyə.

Sürücü axır ki, onun seçimindən narazı olan kütlənin səsini eşitdi. Maqnitofonu söndürüb maşını saxladı. Hirslə geri çevrildi:

- Nədi, ə, nə səsinizi atmısız başınıza? Mən kimə qulaq assam, ona da qulaq asacaqsız. Heç sözdü! Sizin Rəqsanədən xoşunuz gəlmir deyə, mən bir manat verdiyim kaseti çölə atmalıyam??

Sürücü avtobusu işə salıb hirslə yeni kaset axtarmağa başladı. Birini götürüb baxdı. Deyəsən, 25 cüt gözdən çıxan alov qarşısında geri çəkilməyə qəra vermişdi hər halda. Hamının qanı qaralmışdı. Uşaqlar Roşkanı avtobusdan atmağa hazır idilər. Bu avtobusu o tapmışdı. Yazıq oğlan qəzəbli baxışlar altında büzüşüb yumağa dönmüşdü. Admin irəli keçib problemi sülh yolu ilə həll etmək istəyirdi ki, Röyanın səsi avtobusa yayıldı. Elə bil səhraya yağış yağdı... Sən uzaq deyilsən, yolun bir addım, qürurum qoymayır mən atım addım... Sürücü mahnının ritminə uyğun sağa-sola yellənməyə başladı. Hamı təəccüblə bir-birinə baxdı. Bu kişinin nə qəribə zövqü varmış. Qəfildən də avtobus gülüş xoruna çevrildi. Sürücü öz aləmindəydi. Uşaqların səsini eşitmirdi sanki.

Payız başını pəncərəyə söykəyib uzaqdan görünən dağlara baxırdı. Avtobus onu yırğaladıqca xumarlanırdı. Nədənsə, heç danışmaq istəmirdi bu gün. Onsuz da yanında oturmuş Sükut adına layiq bir tövr nümayiş etdirirdi. Forumda saatlarla danışmadığı kimi, burada da lal-dinməz oturmuşdu, elə bil dili yox idi. Hərdən mülayimliklə gülümsəyirdi. Amma qəşəng qız idi Sükut. Sükut özü gözəl olan kimi.
Yaxınlaşdıqca bütün gözəlliyi ilə göz qamaşdıran dağlara baxa-baxa həmişəki arzusunu xatırladı. Dağın başına çıxıb dibi görünməyən dərəyə tullanmaq. Təbii ki, sağ qalıb yenidən o biri dağa çıxmaq və yenə dərəyə tullanmaq. İndi də ki payız. Adamın bu dağların arasında ölüb qalmağı gəlir lap. Şəhərdə, asfalt üzərində yıxılıb ölmək qədər iyrənc bir şey yoxdu, düşündü. Mütləq torpağın üstündə ölmək lazımdır. Özünə söz verdi ki, meşəyə çatan kimi ayaqqabılarını soyunub torpağa toxunacaq. Və qəfildən başa düşdü ki, o, heç vaxt şəhərli ola bilməyəcək. Yüz il də bundan sonra şəhərdə yaşasa, elə kəndçi öləcək. Lap məhşur adam kimi ölsə də, vəsiyyət edəcək ki, onu zəhləsi getmiş Fəxri Xiyabanda yox, kəndlərində basdırsınlar, qoca palıdın keşik çəkdiyi qəbirstanlıqda...

Yarıyolda dayanıb süni bir gölün kənarında çay da içdilər. Sərin payız səhərində samovar çayı paxlavaynan yaxşı getdi. Bazarlıq da etdilər yaxınlıqdakı şeytanbazardan. Yenə yola davam. Yolları sevirdi. Yol onu yorsa da, sevirdi. Yol ümiddi axı. Daha yaxşısını görməyə, daha gözəlini sevməyə böyük bir ümid. Yolların kənarındakı evləri də sevərdi, adamları da. Uşaqları daha çox. Gəlib-gedən maşınların ardınca həsrətlə baxan bütün uşaqları özüylə aparmaq istərdi həmişə. Amma onlara nə vəd edə bilərdi? Yalnız məchulluq. Onsuz da məchul gələcək ümidilə böyüyən uşaqların həyatını daha da çətinləşdirməyə nə lüzum? Qoy, elə yol kənarlarında böyüsünlər. Qoy, elə bilsinlər ki, bütün yolların başında xoşbəxtlik var. Yol boyu gördüyü hər şeyi unudardı. Uşaqların qapqara gözlərindən başqa. Bu şəffaf, işıqlı gözlər hər yerdə onunla idi...

...Başı pəncərəyə dəyib qayıtdı. Qəribə zövqlü sürücü əyləci bərk basmışdı. Avtobusdan tökülüşüb meşənin tər-təmiz havasını ciyərlərinə çəkdilər. Dəli buzov kimi ora-bura qaçmağa başladılar. Balaca uşaqlar belə onlara təəccüblə baxırdılar. İdman ayaqqabılarını çıxarıb ayaqlarını ehtiyatla şehli otlara basdı. İçinə elə bir rahatlıq doldu ki...Min ildi belə rahat deyildi. Sərinlikdən yüngülcə titrədi.

Uşaqlar var-gəl edib özlərinə gəldikdən sonra işi aralarında böldülər. Həmişəki kimi kişilər ova gedəsi oldu. Daha doğrusu, yoldan aldıqları qoyun cəmdəklərindən kabab çəkməyə girişdilər. Könüllülərdən ibarət odunçu dəstəsi də təşkil edildi. Qızlar da süfrə düzəltməyə başladılar. Əsl aradan çıxmaq vaxtı idi. Sakitlik istəyirdi içi. Amma arzusu ürəyində qaldı. Avtobusdan onu qaralamış uşaqlar aldılar başının üstünü. Sarıköynəyin iki oğlu, Günəşin qızı, Mexanın qızları.

- Xala, bizi çayın yanına apar da, anam deyir tək getməyin.
- Xala anandı!

Uşaqlar bu xaladan bir şey anlamayıb, pərt-pərt bir-birlərinə baxdılar. Ürəyi durmadı, ucadan gülüb ikisinin əlindən tutdu.

- Yaxşı, yaxşı, mısmırığınızı sallamayın, hara istəyirsiz apararam sizi. Amma bir-birinizin əlindən tutun.

Bu, yenə pendir doğramaqdan yaxşıdı, düşündü.

...Çay bulanıq axırdı. Əsl payız çayı idi. Dağ döşündəki ağaclardan qopub çaya tökülmüş sarı, qızılı yarpaqlar onun üstündə xalça kimi görünürdü. Təbiət kimi usta xalçaçımı var? Düz dağların zirvəsindən çayın xırda arxlara ayrıldığı yerəcən öz sehirli əllərilə elə bir naxış vurmuşdu ki, adamın yüz gözü ola, yenə bu mənzərədən doymazdı. Rənglərin ahəngi adamı heyrətə salırdı. Heç nə qarışmayıb. Hər biri öz yerində gözəldi. Hər rəng öz dilində çayın musiqi müşayiəti ilə ustadını mədh edirdi...

Çay kənarının soyuqluğundan qorxub uşaqları tez geri qaytardı. Xəstələnərdilər birdən. Avtobusun yanına gələ-gələ payız çiçəkləri yığdı uşaqlarla, payız çələngi hörəcəkdi onlar üçün. Uşaqlarla əylənmək özü də bir istirahətdi. Bir tərəfdə döşəkcə atıb oturdu, uşaqlar da yığışdı başına. Yalandan nağıl düzüb-qoşur, mahnı oxuya-oxuya onlara çələng toxuyurdu. Hərəyə öz başının ölçüsündə. Uşaqlar da ona kömək edirdilər. Kim hansı çiçəkdən istəyirdi, tapıb gətirirdi, Payız da çələnglərə çiçəkdən naxış vururdu. Təbiəti yamsılayırdı.
Süfrə düzəldən qızlar yorulmaq bilmirdilər. Gətir-götür çox sürətlə gedirdi. Sarıköynək əsl evdar xanım kimi rəhbərlik edirdi qızlara. Gözü süfrədə, fikri kababçıların yanında idi. Nəsə hiss eləmişdi Payız. Amma açıb-ağartmağı lazım bilmirdi. Bilirdi ki, elə şeylər var, onu adam heç özünə də etiraf etmək istəmir. Guya, bilsə nolacaq, bilməsə nolacaq.

Ağsaqqal burada da əldən iti idi. Elə dildən də. Evi tikilmiş, nə qədər danışırdı. Amma adam yorulmurdu onun söhbətlərindən. Süfrəyə də birinci onun manqalından gəldi kabab, özü gətirdi. Sarıköynək tez böyük boşqab ayırdı kababı qoymaq üçün. Qızın əlləri əsirdi. Bu avaranınsa vecinə deyildi. Hərdən manqalın başından boylanırdı, amma həyəcan-filan hiss olunmurdu. Payız hər şeyi görürdü.

İkinci manqaldan xəbəri Roşka gətirdi. Onun kababları da yaxşı çıxmışdı. Uşaqlar artıq süfrə başına yığışmaqdaydı. Ağsaqqalın zarafatları qızların gözəl bir süfrə açmasına həqiqətən kömək eləmişdi.
Hamı oturandan sonra Admin dizləri üstə durdu. Bu stol olan məclisdə ayağa durmaq kimi bir şeydi elə.

- Uşaqlar, hamını bir yerdə görmək çox gözəl duyğuymuş. Düzü belə təsəvvür eləmirdim. Mən şəxsən çox sevinirəm....

Admin dostluqdan, yoldaşlıqdan, sevgidən danışırdı. Forumdakı küsülülərin barışmasını arzulayırdı. Qismət olsa forumçuların toylarında birgə iştirakdan dəm vururdu. Balacalar bu əminin dediklərinə əhəmiyyət verməyib ağız-burunlarını kabab hisinə bulaşdırmaqdaydılar. Günəşin gözü uzaqlara dikilmişdi. Sarıköynək gözaltı süfrənin o başına baxırdı. Süfrənin o başında Ağsaqqal oturmuşdu arvadını qucaqlayıb...

Nəhayət, Admin son sözünü dedi:

- İçək sənin, mənim, onun yox, bu görüşün sağlığına!

Badə əvəzi balaca stəkanlar, dəmir, plastmas fincanlar havaya qalxdi. Sürücü tez yüyürüb öz sevimli maqnitofonunda “Süleymanı” qoydu. Yoox, bu kişinin musiqidən anladığı varmış. Utanmayanlar bir anda düşdü ortalığa, sonra guya utananlar meydana çıxdı, lap axırda həqiqətən utananlara yer verildi. Uşaqlar da özlərinə balaca rəqs meydançası düzəltmişdilər. Nə çalınsa oynayırdılar. Bu arada Çiçək Ağsaqqalın arvadından soruşdu:

- Qızınızı niyə gətirməmisiz?

Ağsaqqal tez arvadının yerinə cavab verdi:

- Nənəsinin yanında qoyduq ki, əl-ayağa dolaşmasın.

Payızın dili dinc durmadı:

- İndi 5 min dollar xərc çəkmisən deyə, danışmağına da ürəyin ağrıyır?

Ağsaqqalın arvadı xəfifcə gülümsədi.
Oynamaqdan yorulub oturandan sonra güc verdilər dilə. Ədəbiyyatdan başlayıb siyasətlə davam elədilər. Hərdən dünyanın faniliyinə də baş vurdular. Forumdan yarımçıq qalmış müzakirələrini yekunlaşdırdılar. Söz davasına çıxan əsasən oğlanlar idi. Qızlar öz favorilərini izləməklə və bəzən də onlara dəstək verməklə işlərini bitmiş sayırdılar. Arada çay da verirdilər boğazıqurumuşlara. Ağsaqqalın səsi kababdan sonra daha da gurlaşmışdı.

Uzun müzakirələrdən sonra Admin elan elədi ki, yediklərini həzm etmək üçün indi hamı ora-bura dağılışıb gəzə bilər. Amma saat 6-da hamı avtobusun yanında olsun. Yoxsa gecikənlərin hesabına çaqqallar banket edəcəklər bu gecə.

Payız uşaqları götürüb meşəyə girən yerdə düzəldilmış pilləkənlərlə üzüyuxarı çıxdı. Daha yuxarıda şəlalə vardı. Amma hava sərinlədiyinə görə uşaqları ora aparmaq istəmədi. Uşaqlar tərəfindən böyük psixoloji və fiziki təzyiqlərə məruz qaldıqdan sonra şəlaləyə yaxınlaşmağa icazə verdi. Uşaqların şəkillərini də çəkdi şəlalənin yanında. Bir az şəlaləyə tamaşa edib yavaş-yavaş aşağı enməyə başladılar. Balacalar qabaqda qaçaraq düşüb getdilər. O tələsmirdi uşaqlar kimi. Onların görəcəyi payızlar hələ qabaqdaydı. Hələ hər payızın dadını çıxarmağın nə qədər vacib olmasından xəbərsiz idi bu körpələr. O ki bilirdi hər payız ömürdən gedir. Hər payızı insan gözünə köçürməli, ordan da atmalıdı ürəyindəki qırxıncı otağa. Payız başını dizlərinə söykəyib ağlamağını sakitcə dinləyəcək qədər səbirli biri.

Meydançada dayandı. Məhəccərə söykənib dörd tərəfini sarmış payıza tamaşa eləməyə başladı. Burada payız nə gözəldi, düşündü. Şəhərdə payız da hiss olunmur. Bir də yaz. Çiçəkləmiş bir ağac tapa bilmirsən yaz gələndə. Bir yazda ki şaftalı çiçəklərinin ətrindən bihuş olmadın, day o yaz nə yaz oldu? Demək, ömrünün neçə yazını, neçə payızını yaşaya bilməmişdi. Şəhərdə bir qış var, bir də yay. Qar və bürkü. O isə payızı sevirdi, bir az da yazı. Ona həmişə elə gəlirdi ki, hər fəslin öz ruhu var. Payızın ruhu daha kövrəkdi - əl vurma, sınar. Daha rənglidi payızın ruhu. Ona görə də insanın duyğuları payızda bir başqa cür olur. İnsan payızda daha yaxşı dil tapır təbiətlə. Yəni öz ilkiylə, yaranışı ilə. İnsan heç bir fəsillə payızla etdiyi qədər söhbət edə bilmir. Təkcə payıza deyə bilir dərdini. Bəlkə payız da dərdli olduğundandı insanı daha yaxşı anlayır. Heç soruşan olubmu ki payızdan, nədən belə qəmlisən? Ona elə gəlirdi ki, Tanrı da insanı payız gecələrində daha tez eşidir....

- Həə, Payız xanım, bu il də vaxtında gəlib çıxdın, gecikmədin...

Səsə çevrilmədi. Yenə o idi - ikibaşlı danışmaq ustası. İndi, gəl, bunun boynuna qoy ki, sən mənə atırdın sözü. Deyəcəkdi ki, mən qızarmış yarpaqlara, saralmış otlara, adam üşüdən havaya xitab edirdim. Əşi, nəsə tapıb deyəcəkdi onsuz da. Gəlib onunla yanaşı durdu. Buradan bulanıq çayı, batan Günəşi, qızıl-qırmızı ağacları seyr etmək başqa aləm idi. Burada payız özünün böyük bir tablosunu qoymuşdu. Gələn-görən məst olmaqdaydı.

- Payızın dəlisiyəm...
- Mən də.
- Niyə bizi üzən şeyləri çox sevirik axı? Qəmli mahnıları, içimizi üşüdən payızı, kədərli xatirələri…
- Kədərli qadın daha gözəldir…
- Ona görə də işin-gücün xanımları kədərləndirməkdi, hə? Day keçib, gərək sənə təşəkkür etsinlər gözəl göründükləri üçün. Bərk dirənsən, hesab da ala bilərsən buna görə onlardan.

Kədərli təbəssümə boyandı üzü.

- Heç kim məni tanımır - dedi.
- Təbii. İnsan istəmədikdən sonra onu kimsə tanıya bilməz.

Sanki onu eşitmədi, eşitmək istəmədi. Əvəzində qollarını yana açıb var səsiylə bağırdı:

- Xoş gəldiiiiiin, payıııııııız………..

Səsi dörd tərəfdə mürgüləyən dağları diksindirdi. Onlar da hirslənib onun dediklərini özünə qaytardı. Geri qayıdan səs saralmış otlara, qırmızı yarpaqlara sığal çəkib qayıtdı. Çayın səsi belə bu səsi boğa bilmədi. Aşağıda toplaşmış uşaqlar da başlarını qaldırıb onlara baxdılar. Arvadı gülə-gülə əl elədi.

- Mən getdim, Payız. Sən də gəl artıq, soyuq alar, əynin nazikdi.

Sözünü deyib qollarını oynada-oynada pilləkənlərə doğru qaçdı.

- Sən Ağsaqqal deyilsən…

O, pilləkənin başında duruxub qaldı. Gözləmədiyi ittihama üzünü çevirməyə tələsmədi. Nəhayət döndü. Artıq özünü toplamışdı. Gülümsədi.

- Bu qədər xəyalpərvər olma, canım. Ağlına gəlməyən şey yoxdu da sənin.
- Nə deyim? Bayaqdan içimdə belə bir hiss var.Yerişindənmi, gülüşündənmi, bilmirəm. Amma sən o deyilsən.

Yenə gülümsədi. Sonra lap qəhqəhə çəkdi.

- Sən ki onu görməmisən. Nə bilirsən?
- …Bilirsən, sən o boy-buxunda, lap o sir-sifətdə də ola bilərsən. Lap onun əkiz qardaşı ol. Onun kimi danışıb-gülə də bilərsən. Onun kimi zarafatlar, atmacalar, lap savadın da qıcqırıb qulaqlarından tökülə bilər. Onun kimi, ondan artıq. Amma sən o ruhda ola bilməzsən. Ruhlar bir-birlərinə ancaq oxşaya bilərlər, eyni olmazlar…
- Bir dayan görüm, təzə medium peyda olub deyəsən…

O, yaxına gəldi. Hələ də gülürdü, bu dəfə gözləri maraqla parıldayırdı.

- Sən ki onu tanımırsan, nə bilirsən onun ruhu haqqında?
- Bəs yazılar? Köhnə kişilər deyərdilər ki, insan nə yazır, yazsın, o, ancaq özünü yazır. Mən də deyirəm ki, insan lap özünə yazır, özünə xitab edir, eşitmək istədiklərini yazır, lap özündə yazır, kağıza, kompyuterə yox, öz içinə yazır. İnsanın yazdıqlarına onun öz ruhu hopur. Yazı bir ayrı şeydi axı, tamam ayrı şey… Sən o deyilsən…Heç yanındakı da o deyil, yəni arvadın deyil. Sən subaysan. O yazıq qız da düşüb sizin oyununuzun ortasına. Yəqin ki, tanışlarınızdandı. Vallah, “sübut elə” desən, bacarmaram. Hiss edirəm sadəcə. Məncə, evli kişilər, ərli qadınlar özlərini belə aparmamalıdı. Nəsə mənə elə gəldi ki, sən onu heç qısqanmırsan. Amma sən çox qısqanc olmalıydın axı. Qadınını üzə çıxartmayacaq qədər qısqanc. O da uşağı olan anaya oxşamır. Bir dəfə də olsun saatına baxmadı. Bala qoyub gəlmiş analar tez geri qayıtmaq istərlər məncə…

Günəş dağın arxasında gizlənməkdəydi. Sanki ifşa olunan o idi. Tez aradan çıxmaq istəyirdi. Qızıl-qırmızı şüalar oğlanın gözlərindəki qeyri-müəyyən, hardasa çaşqın ifadəni daha aydın göstərməkdən zövq alana oxşayırdılar – həvəslə oynaşırdılar. Ağsaqqal sakitcə dayanmışdı və hiss olunurdu ki, özünü müdafiə etmək fikrində deyil. Bu dəfə Payız pilləkənlərə doğru getdi. Hoppana-hoppana bir-iki pillə düşüb dayandı. Üzünü çevirib yerində donub qalmış oğlana baxdı:

- Sarıköynəyə deməyəcəm. Demərəm də heç vaxt. Qoy bu sevinclə yaşasın…ömrü boyu bəsidi…onu görmüş bilsin özünü…Hə, ona da deyərsən ki, indi işim çoxdu. Vaxtım olan kimi onu mütləq çox istəyəcəm, etdiklərinə baxmayaraq…nikində şeytan tükü var ölmüşün…Sən də gəl artıq, soyuq alar, əynin nazikdi.

Payız pillələri hoppana-hoppana düşüb aşağı meydançaya çatdı. Hamı yığışmışdı. Getmək vaxtı idi.

Bu qəribə zövqlü sürücü bu dəfə türk estradasından seçmələr qoymuşdu. Avtobusdakılar susmuşdular. Sürücü Allahından dönüb yenidən Rəqsanəni də oxutsaydı belə, etiraz etməyə kimsədə taqət qalmamışdı. Hamının üzündə məmnun bir yorğunluq vardı. Gülün başı Keçinin çiynindəydi. Gözlərini yummuşdu. Demək, axır ki, bacarmışdı Keçi. Rəngli payız, sevimli payız kömək eləmişdi ona. Uşaqlar analarının qucağında uyumaqdaydılar. Sarıköynək balaca oğlunu qucaqlayıb əslində özünün titrəməsini gizlədirdi. Fikri bu dünyada deyildi. Roşka yenə çipsi xırçıldadırdı. Günəş qızına laylay çalırdı pəsdən, pis öyrətmişdi bu yaşda qızı. Ağsaqqal da fikirliydi. Arvadım dediyi qızın çiyninə qoymuşdu başını. Admin sürücüylə təzə salınmış yoldan danışırdı.

…Sezenden sonra növbə Tarkana çatdı...Uzun, incə bir yoldayım...Payız fikirləşdi ki, o da doğulandan yola çıxıb hamı kimi. İndi çoxmu getmişdi, azmı getmişdi, dərə-təpə, yoxsa düzmü getmişdi, bilmirdi. Bu an bildiyi bircə o idi ki, bu amansız yolun daha bir hissəsini arxada qoymaqdaydı. Pəncərədən bir-birinin ardınca düzülmüş maşınların qırmızı işıqlarına baxıb gülümsədi. Ağlından keçirdi ki, bu gün çox yaxşı gün oldu, çox əla gün idi bu gün. Qollarıyla özünü qucaqladı, qaraca gözlərini yumub yatdı. Doğrudan-doğruya yatdı. Yuxuda uşaq kimi gülümsəyirdi...

Kədərli hekayə

Dayısıgilə fermadan gəlmişdi. Gələn kimi də qonşu kənddə bir qıza vurulmuşdu. Vurulan kimi də qızgilin telefon nömrəsini tapmışdı (Dayısı oğlunun əlini üzündə qoymuşdu onun bu fərasəti). Tapan kimi də qıza zəng edib ürəyini açmışdı. Ürəyini açan kimi də qız ağzından vurmuşdu, “fermanın eşşəyi” demişdi. Deyən kimi də dəstəyi asmışdı. Amma onun xətrinə dəyməmişdi bu söz. Ferma və eşşək. Bu sözlər təhqir kimi görünməmişdi ona. Eşşəyini sevirdi, hətta indi onunçün darıxırdı da. Bakıda oxuyan dayısı qızı da Barış Manço adlı bir türk oxuyanının (İbrahim Tatlısəsdən başqa türk oxuyanı tanımırdı. Onu da çoban yoldaşı Əhliman kişiyə oxşadırdı deyə, yadında qalmışdı - lopabığ) “Arkadaşım eşşək” mahnısı olduğunu da demişdi. Tez telefona cumub bu informasiyanı yubanmadan sevdiyi qıza çatdırmışdı. Qız bir müddət dinməyib, sonra yalnız “off” demişdi və dəstəyi yerə qoymuşdu.

Əsgərliyə getməliydi deyə, anası göndərmişdi onu kəndə. Hərbi komissarlığa da gedib dəymişdi artıq. Demişdilər bir həftədən sonra burada ol. Onun sağlamlığını çox tərifləyən həkimlər xeyli məzələnmişdilər. İtdən, atdan, qoyundan sual verib onun cavablarına gözlərindən su gələnə qədər gülmüşdülər. O, yenə də inciməmişdi. Qoçların qoyunları yanlamasının bu dərəcədə gülüşə səbəb olmasına təəccüb eləmişdi ancaq. Vəssalam.

Onun özünəməxsus əsgərlik xəyalları vardı. Vətənpərvərlik, düşməndən qisas almaq-filan, “vətən anadır” kimi şeylər onunçün anlaşılmaz idi. Dayısıgilin televizorundan tez-tez belə sözlər eşidirdi. Gülməyi tuturdu. Bircə şey bilirdi. Əgər ermənilərin qabağına durmasa, gəlib onların da fermasına çatacaqlar. Nə qalıb, budu buradı. Onun quzularını şişə taxacaqlar. Anası, bacıları da tez qaça bilməsələr, əsir aparacaqlar hamısını. Buna yol vermək olmazdı. Onları çox istəyirdi. Ona görə də gedib erməninin qabağında dayanmaq lazımdı düşünürdü. Heç qorxmurdu da. Bir damcı da. Komissarlıqdakı həkimlərə də demişdi ki, ermənilər harada çoxdu, məni ora göndərin. Həkimlər, o, gələndən bəri ilk dəfə ciddiləşmişdilər. Ardınca da kədərlə gülümsəmişdilər. Ağsaqqal göz həkimi isə:“sağ ol, bala” - demişdi ona. Sonra kövrəlmişdi kişi. O da təəccüblənmişdi yenə.

Amma əsgərliyə mütləq qız sevib getmək lazımdı. Əhliman kişinin oğlu demişdi bunu. Qız sənə məktub yazır, sən də səngərdə soyuqdan büzüşəndə o məktubları çıxarıb xəlvətcə oxuyursan, qızınırsan (Məktubun adamı necə qızındırması ona çatmasa da, yenə də Əhliman kişinin oğluna inanırdı, 9 sinif oxumuşdu, havayı deyildi ki). Amma elə eləyirsən ki, komandir görməsin kibrit yandırdığını. Adamın anasını ağlar qoyar. O da qoymasa, erməni snayperi mütləq ağlar qoyar Yazgül arvadı. Hə, demək, qız sənə yazır, sən də qıza. Dağ çiçəklərindən də qoyursan məktubun arasına, göndərirsən. Ehh, fermada olanda elə istəyirdi ki, bir dənə sevdiyi qız olsun, ona əsgərlikdən məktub yazsın. Hətta buna görə bir-iki cızmaqara da eləmişdi. Məşq kimi yəni. Xətti eybəcər olsa da, düz yazdığına əmin idi. 5-ci sinifdə Aliyə müəllimə özündən çıxıb uşaqların hamısına:“qanmaz, şüursuz it küçükləri” - desə də, onu belə söyməmişdi heç vaxt. Yazdığına baxar, ona baxar, “yazıq balam” deyib, ah çəkərdi. O da qərara gəlmişdi ki, söyüşlük deyil yazısı.

İstədiyi yar idi, yetirmişdi pərvərdigar. Ayağını artezianın başına qoyan kimi gözü qızı tutmuşdu. Gözəl qız idi – ağappaq. Heç elə bil gün işığı görmürdü canı yanmış. Eşqindən ilk xəbər tutan dayısı oğlu:“ə, səyləmə, sənin tayın deyil” – demişdi. Başqa qızlar göstərmişdi ona. Amma o bəyənməmişdi. Hamısı arıq-uruq, qara qızlar idi. Onun məktub yazacağı qız isə mütləq ağ olmalı idi. Güləndə də yanaqları yumrulanmalı idi. Nəsə ağlına belə dolmuşdu da, neyləsin?

Bir həftəni iki kəndin ortasında qaldı. Heç qoyun otaranda bu qədər yorulmurdu. Onu yoran əslində yol deyildi, oturub gözləmək idi. Ondan şübhələnməsinlər deyə, gedib-gəlib artezian suyu içməkdən köpmüşdü. Qız da hələm-hələm suya gəlməzdi. Gələndə də başında bir dəstə qız. Amma onsuz da yaxınlaşmağa “dux”u çatmazdı.
Ümid yenə telefona idi. Evin camaatı dağılan kimi sarılırdı dəstəyə. Qız neçə dəfə ona demişdi ki, ağlını başına yığ, səndən böyüyəm, özüm də Bakıda oxuyuram. Bir gün də hələ qayıtdı ki, istədiyim var. İnanmadı. “Göstər, görüm, kimdi o elə” - demişdi hirslə. “Bakıdan gələcək bu günlərdə. Görərsən, döydürəcəm səni” - demişdi qız da, sonra da gülmüşdü ucadan. Bu da fikirləşmişdi ki, qız qəsdən belə deyir.

Dayısı iki baş inək almaq istəyirdi. Bir az pul da yığmışdı. Onunla da məsləhətləşmişdi təcrübəli adam kimi. Sonra da heyfslənmişdi ki, bazara gedənə qədər səni aparacaqlar. Bu da:“Gedib deyərəm 1-2 gün gözləsinlər də, nə qaçhaqaçdı?” - demişdi. Dayısı da onun başına karlı bir qapaz çəkmişdi, arxasınca da bacısının qarasına deyinmişdi ki, sənə dedim, o xaraba fermaya köçmə. Uşaqların küt oldu getdi. O başa düşdü ki, bu, “belə şey ola bilməz” deməkdi.

Yenə arteziandan su içirdi. Ağzı suda, gözü qızgilin doqqazında. Qız çıxdı. Sevindi. Arxasınca ucaboy, maviköynəkli, qalstuklu, bakenbardları (uşaqlar qısaca olaraq onlara “bak” deyirdilər) çənəsinə çatan bir oğlan da çıxdı. Sevinmədi. Həyatının ilk qısqanclığını yaşadı. Qəsdən artezianın başında durub gözlərini onlara zillədi. Ürəyi hələ belə qəzəb görməmişdi. Heç 10 quzusunu sel aparanda belə çoşmamışdı. Özünə təəccüblənəcək halda deyildi. Fikri cütlükdə qalmışdı. Onlar şirin-şirin söhbətləşə-söhbətləşə onun yanından keçib dükana girdilər. Çıxanda əlləri dolu idi. Dükançı Əlinin çox sevdiyi, amma kənd camaatının heç sevmədiyi banan torbası oğlanın əlindəydi. Onun gülərək: “İnanmazdım kənddə də banan satırlar” - deməsini açıqca eşitdi. Qız da nazlanıb:“Sən kənd haqqında yanlış təsəvvürlərə maliksən, əzizim” - dedi. Cümləni tam başa düşməsə də, “əzizim” ona bəs eləmişdi. Hirsindən göyərmişdi. Onun tuşuna çatanda qız addımlarını yavaşıtdı. Bic-bic gülümsədi. Gözlədi ki, qız hədəsini yerinə yetirsin, sevgilisinə nişan versin onu. O da salsın ayağının altına bu ağ gədəni. Onun ağ kişidən, bir də qara arvaddan heç xoşu gəlməzdi. Amma qız heç nə demədi. Eləcə deyə-gülə, rəvan yerişlə qayıdıb girdilər həyətə.

Nəsə eləməliydi. İçinə yığılmış hikkə çıxmalıydı. Onun xəyallarını dağıtmış bu ağ gədəyə mütləq nəsə eləmək lazım idi. İşin dalını-qabağını fikirləşmədən qucağına daş doldurub yamacdan qoyun qaytarırmış kimi qızgilin darvazasının qabağındakı böyük, qara maşını daşlamağa başladı. Tappatapa bayıra çıxmış qızın atasını görən kimi qaçdı. Özünü birtəhər həyətə saldı. Tövşüyə-tövşüyə pilləkənlərlə evə qalxıb içəri keçdi, qapını arxadan bağladı. Hələ indi çatdı ona elədiyi. Dayısı onu öldürəcəkdi. Bivec atasını, mağmun anasını söyəcəkdi.

Qızın atası artıq həyətdə idi. Əl-qolunu ölçə-ölçə dayısına olub-keçəni danışırdı. Kişi hirsindən əsirdi. Dayısı başını aşağı salmışdı. Sonra dayısı onu səslədi. Ürəyi ayağının altına düşdü. Amma day qaçmağa yer yoxuydu. İşin səbəbini soruşsalar, nə deyəcəkdi? Sakitcə evdən çıxdı. Qızın atası onu görüb daha da bərkdən qışqırmağa başladı. Dayısı onu sakitləşdirməyə çalışırdı. “Ağsaqqal, sən Allah, bağışla bunu. Bir qələtdi eləyib. Heç nədən başı çıxmır. Fermadan gəlib” – dedi dayısı. “Ferma” sözü bir ovsuna dönüb kişini necə sakitləşdirdisə, lap məəttəl qaldı. Ferma qanının arasına girdi. Kövrəldi. Darıxdı ferması üçün. Kişi başını bulayıb: “dəlinizə yiyə durun da, a balam” – dedi və darvazadan çıxdı. İndi məhşər ayağı idi. Dayısının gözü dönmüşdü. Ətrafa boylanıb onu döymək üçün bir şey tapmaq istəyirdi ki, arvadı özünü yetirdi. “Qurban olum, dəymə” – dedi. “Əsgər gedir, kim bilir nolacaq, körpənin başına nə gələcək o xarabada” – dedi, gözünün suyunu sildi. “Əsgər” sözü də dayısını yumşaltdı. Bu sözün də sehirli qüvvəsi varmış. Heç nə anlamırdı. Dayısı gözüyaşlı arvadına baxıb donquldandı, dodağının altında söyə-söyə hirslə həyətdən çıxdı.

Sabah gedirdi artıq. Bu gün çıxartdığı oyuna görə keç kim onunçün xüsusi canfəşanlıq göstərmirdi. Təkcə dayısı arvadı kövrələ-kövrələ boxca tutur, məsləhətlər verirdi ona:”Əlinə keçəni ye, əynini qalın geyin, çatıb rahlanan kimi məktub yaz, yaza bilmirsənsə, yoldaşlarına de yazsınlar...”. Sakitcə:“Yaza bilirəm” - dedi. Hərçənd, artıq məktub yazmaq məsələsindən sidqi sıyrılmışdı. Əgər fikirlərini bəzək-düzəkli çatdıra bilsəydi, dayısı arvadına deyərdi ki, dünyam dağılıb, bibi, dünyam, sən məktub yazmaqdan danışırsan. Amma o belə danışa bilmirdi. Şairlər demiş, göz yaşları içinə axırdı. Gecəni yata bilmədi. Əhliman kişinin oğlunu da söydü, özünü də.

Səhər tezdən evdən çıxanda bildi ki, dayısı inək üçün yığdığı pulu qızın dədəsinə verməli olacaq. Qonağın maşını pis günə düşmüşdü. İçi daha da ağırlaşdı. Başqa vaxt olsaydı, dayısı onu ətyeməz eləyərdi. Amma indi əsgər gedirdi. İndi ona dəymək olmazdı. Bircə Allah bilir, onun başına nə gələcəkdi.

Amma o bilmədi ki, ayın sonunda dayısı onun bivec atasının, mağmun anasının nəslində adam qoymayıb. Özü gedib fermada dişinin dibindən çıxanı deyib onlara. Belə axmaq oğul böyütdüklərinə görə söyüşün birini bir qəpikdən xırıd eləyib. Amma onun arxasınca bircə kəlmə də artıq-əskik danışmayıb. Əsgər idi axı.

Dayısına bir təqaüdlük telefonpulu gəlmişdi. Yazıq haradan biləydi ki, birinin toyuğu o birində yumurtlayan, toyu-yası bir olan bu kəndlər başqa-başqa rayonlara tabedi?. Bilsəydi belə, guya zəng eləməyəcəkdi? Hər kəsin heç nəyi görmədiyi, görmək istəmədiyi bir vaxtı olur, mütləq olur.

Nəyi kədərliydi bu hekayənin? Necə bilirsiz, ilk dəfə vurulmaq, həm də özündən böyük və gözəl bir qıza vurulmaq, onu hansısa qalstuklu, baklı ağ oğlana verib ümidsizlik içində əsgər getmək, səngərdə oturub erməninin yuxuqaçıran gülləbaranı altında soyuqdan büzüşə-büzüşə mövcud olmayan adamdan ümidsizcəsinə məktub gözləmək kədərli deyil? Məncə, kədərlidi. Ümidsiz olan hər şey kədərlidi.

воскресенье, 9 августа 2009 г.

Təsbeh...


bax,
yenə darıxır,
yenə təsbeh çevirir
qoca dünya...

şaraq
şaraq
şaq!

...dolanır şəffaf muncuqlar
göylə yer arasında...

şaq
şaq
şaraq!

... o darıxanda
hamı darıxır...

“...əcəb yumru-yumrudu...
yaxşı təsbeh çıxar bunlardan...”

...hamısı yadındadı...

amma
yenə darıxırsan,
yenə təsbeh toxuyursan
muncuqları silə-silə...

“o darıxanda
hamı darıxır...”
demə mənə...

yalan
demə mənə...

суббота, 8 августа 2009 г.

Satqınlar və tüpürülmüşlər

Onu kompüteri satdı. Daha doğrusu, kompüterdən yaxşı baş çıxarmamağı. Demə, bütün şəxsi məlumatları silməyibmiş. O, gedəndən sonra hamı bildi ki, (admin ağzıyırtıqlıq eləmişdi) Əli pornosayt ölüsüymüş. Hamı dalınca tüpürdü onun.

Sevdanı Əli satdı. Daha doğrusu, Əlini yaxşı tanımamağı. İşdən çıxandan sonra 5 adamdan xəbər göndərmişdi ki, mənim 10 manatımı qaytarsın, ehtiyacım var. Sevda hamıdan çox tüpürmüşdü onun dalınca.

Şəbnəmi Sevda satdı. Daha doğrusu, Sevdanın telefonu. Evdə bilməsinlər deyə, gizli görüşdüyü türk tələbəyə Sevdanın nömrəsini vermişdi ki, ancaq iş vaxtı danışsınlar. Sevda da telefonu otaqda qoyub getmişdi. Qızlar da türk tələbənin açıq-saçıq mesajlarını oxuyandan sonra Şəbnəmə tüpürmüşdülər. Şəbnəm də hirsini Sevdaya tökmüşdü, Sevda da nəyəsə görə Əlinin dalınca söymüşdü, sonra tüpürmüşdü.

Əlisə təzə iş yerində oturub özünü deyil, axmaq kompüterini söyürdü. Ürəyində. Çünki, təzə iş yerinə təzə gəlmiş, əndamı Cola butulkasına oxşayan gözəl menecer xanımı artıq qaralamışdı və xanımın yanında mənfi imic qazanmaq istəmirdi. Amma bol-bol söysə də, ürəyində də olsa, tüpürə bilmirdi. Çünki ürəkdə tüpürmək olmurdu.

Gözəl menecer xanımı ayaqqabıları satdı. Daha doğrusu, ayaqqabılarının hündür dabanları. Bir gün dəhlizdə dayanmış Əlinin bütün diqqətini üzərində hiss elədiyindən nazı-ədası dəhlizin 2x10 ölçüsünə sığmamışdı, bir anlıq yerişini itirib hündür çəkmələrinin üstündə dayana bilməmiş və ayağı büdrəyib balacana aşmışdı. Əli də sevinə-sevinə (çox güman ki) yüyürüb xanımın qolundan tutmuşdu ki, ayağa qaldırsın, bu dəm ağzıaçıq çantadan döşəməyə bir “Slims” düşmüşdü. Əli də o vaxtdan xanımın gözəlliyini görməz olmuşdu.

Həmin bu “Slims”i də Şəbnəm satmışdı menecer xanıma. Şəbnəm çəkmirdi, Sevdanın siqareti idi. Həmişə onun çantasında saxlayırdı ki, işdə siqaret çəkənlər istəyəndə:“Yoxumdu” – deyə bilsin. Məlum hadisədən sonra bu “Slims”i bir partidə yenicə tanış olduğu menecer xanıma bağışlamamışdı, satmışdı, acığa, zarafata salıb, Sevdadan heyif alırmış kimi.

Admin bədbəxt isə özü-özünü satdı. Daha doğrusu, huşsuzluğu satdı onu. Serveri açıq qoyub getmişdi və səhəri günü köməkçisi gəlib onun hamının İnternet limitindən oğurladığını görmüşdü. O da admindən bütün heyiflərini çıxmaq üçün (admin həmişə ona “monqol gədə” deyərdi qızların yanında) bilərəkdən aləmə duy vurmuşdu və hamı adminə tüpürmüşdü həmin gün.

Həmin gün heç gözlənilmədən bala adminə də tüpürmüşdü hamı – satqınlıq eləmişdi axı. Çox da ki onların xeyrinə olmuşdu bu satqınlıq...

Çevrə qapanmışdı.

10.12.2008

Pintoş

Cavidan üçün

Həə, bu hekayə yazıldı və heç redaktə olunmadı. Daha doğrusu yazılacaq və redaktə olunmayacaq. Pinti hekayə olacaq bu. Hələ bilmirəm məzmunu nə olacaq, amma olacaq. Bəlkjə də bir uşaq hekayəsi, bəlkə də böyüklər üçün. Bəlkə də heç kim üçün, elə-belə özüm üçün.
Görək hələ.

Demək belə. Onun masasının üstü həmişə pinti olardı. Özü də pinti geyinərdi, çirkli olmadığı gün paltarı ilk geyindiyi gün idi.hara tərpənsə pintilik eləyərdi. Amma direktor onu qovmazdı. Hələ diroktoru spyürdü də ha üzünə, yenə qovmazdı. O yaxşı dizayner idi. Çox yaxşı dizayner idi. Onun yaxşlığı işi sürətlə və yaxşı görməyində idi. Amma pintiydi. Özü də bundan heç narahat olmazdı. Çünki bunu kişiyə yaraşan iş hesab edərdi. Arvadam, hər gün daranam deyərdi. Yemək yeyib üstünə silərdi. Ayda bir dəfə çimərdi qışda, yayda həftədə bir dəfə. Qısası, o pinti adamıydı.

Müştəriləri də görən gözü yox idi. Onu heçş vaxt görüşlərə aparmazdılar. Mazqadyor müştərini ordaca söyüb durub gəllərdi. Ona görə də oturduğu yerdən tərpətməzdilər. Gətirib verərdilər işi, başa salıb gedərdilər. Vəssalam. Dediyi vaxtda da təhvil verərdi işi.

Amma hamı onu çox istəyirdi. Hətta hər gün söydüyü direktor da. Qızlara ən yüngül sözü eşşək olardı. Çox yekəpər olduğundan bütün oğlanların kürəyini yerə vurardı. Heç kim onunla bacarmazdı. Amma ürəyi yumşaq idi. Bir dəfə hind kinosuna baxıb ağlamışdı işdə. Heç kimdən də utanmamışdı. Sonadək gözünün suyunu silə-silə baxmışdı. Dəsmalı da heç vaxt olmadı=ğından köynəyin qollarına silmişdi burnunun, gözünün suyunu. Qızlar belə duyğusallanıb gülə bilməmişdilər ona. əksinə davam gətirə bilməyib onun göz yaşlarına başlamışdılar ağlamağa. Film bitəndən sonra da Ratxanın faciəvi həyatı onların gözündə su qoymamışdı. əgər direktor gəlib çıxmasaydı mərsiyə də deyəcəkdilər yəqin bu ağlaşmada. Yaxşı ki, kişi özünü vaxtında yetirdi. Yanında da blatnoy bir müştəri. hamı özünü ələ alıb işə davam eləsə də, Pintoş (ləqəbi idi) bir müddət burnunu çəkmişdi. Müştərini diqqətlə dinlədikdən sonra da təndirə çörək yapmalı olan nənəyə sari geyindirmişdi. Direktor da cin atına minmişdi və iki gün düşməmişdi. Amma yenə qovmamışdı onu.

Dünya gül kimi fırlandığı vaxtda o bir qızı sevəsi oldu. Məlum oldu ki, onun sevgisi də pintidi. Adda-budda. Mehriançılıq olmayan, söyüş dolu, qarşıq, heç kimin baş açmadığı. Diqqətsiz, kobud, gülsüz-çiçəksiz bir sevgiydi bu sevgi. Qıza da dəstə-dəstə gül şəkilləri əvəzinə yeni çıxan printerlərin, laptopların şəkillərini göndərərdi, özünü paylaşardı yəni.

Bəs onun kimisə sevdiyini nə bilmişdik? Dəhşətli hadisə üz vermişdi. Hamı “don” əmri almış kimi donmuşdu həmin gün. Şırhaşır yağa yağışlı bir gündə işə təptəzə kostyumda və ayaqqabıda gəlmişdi, saçlarını tağ ayırmışdı. Direktorun belə nəfəsi tutulmuşdu onun bu halından. Oğlanları göndərmişdi onun yanına ki, görün xəstələnməyib ki. qızlarsa həmişə kimi bic çıxmışdlar və demişdilər ki, xeyir a, narahat olmayın, Pintoş aşiq olub sadəcə. Sonra da fəlfəsə açmışdlar ki, adam aşiq olanda olduğu kimi olmur, dəyiir, içi də çölü də...direktor qızların üstünə qışqırıb ağızlarını yummasaydı, fəlsəfə dərsindən bütün kişi tayfası 2 alacaqdı işdə. Direktor cəld trpəndi incavara.

Nə isə. Sonra yaxşı ki, vəziyyət bizim xeyrimizə düəldi. Məlum oldu ki. qız gözəl bir gediş eləyib. Bir gün bizim Pintoşa deib ki, mən səni olduğun kimi sevmişdim axı, bu nədi, ütü ağzından çıxmısan elə bil. Pintoş da çox sevinib və elə ordaca 200 dollarlıq pencəyini sərib bulvarda yaşıl otun üstünə qızla oturub bulka yeyib dənizə baxa-baxa.

Hər şey yaxşı gedirdi. O həmişə kimi idi və hamımız rahat idik. Sonra nə oldusa Pintoş yavaş-yavaş pintoşluqdan çıxmağa başladı. Daha nə qızlara kobudılq elədi, nə direktora söydü, nə oğlanları boğazladı. Nə kompetürin qabağında yemək yedi. Adi bir adam oldu. Günbəgün belə oldu ha. Qəfil dəyişsəydi yenə nəfəsimiz tutulacaqdı. Indi də bunun dəridni çəkməyə başladıq. Görəsən nolub bizim Pintoşa. Qızlar dedi ki, yqin toyun fikri alıb bunu. O qədər xərc-xəsarəti var ki. bu dəfəsə fəlsəfəni oğlanlar açdı. Dayanın a, qandığınız elə bura qədərdi. Nə toy? Nə xərc? Bizim Pintoşu atıb qız. Adam atılanda dəyişir, içi də, çölü də, başqa cür olur. Havası alınır. Orbitindən çıxır. Sevginin edə bilmədiyini atılmaq eliyir...direktor bu dəfə də oğlanların ağzını yuması oldu. Özü də əlini ürəyinin üstünə qoyub. Kresloya çıküb, valerian içib. Dostları deyirdilər ki, direktor cavanlığında çox deyib-gülən oğlan imiş şirindil, ürəyiaçıq. Hamı da onu sevərmiş. Sonra nə oldusa, day deyilən kimi olmayıb...

Işə bax ki, direktoru belə vəziyyətdə qoyub müzakirələri davam elətdirdilər. Bu dəfə qızlı-oğlanlı hamı bir yerdə fəlsəfə açdı. Hamı ortaq məxrəcə gəldi ki, həyatımız vapşe pintidir. Sevgi var. Ayrılıq var, atılmaq var, ölüm də var, heç nə səliqə sahmanda getmir. Heç nəyin bir düzəni yoxdu. Qarışıqdı həyatmlzda hər şey. Pintoş kimi bir oğlanın da atıldığı bu dünyada yaşamağa dəymir. Qızın biri çıxıb gedəcəm bu xaraba ölkədən dedi. Oğlanın da biri qayıtdı ki, ölkədən gedəssən e, bəs dünyadan hara çıxıb getmək isdəyirsən? Oğlanların fəlsəfədə qızları üstələdiyi açıq-açığına göz qabağöında idi. Amma qızlar da eri çəkilmək istəmirdilər. Ölüm belə bizim cnımızı qurtara bilməz dedilər. Vəı bununla da müzakirələrə nöqtə qoyuldu. Hamı bundan sonra rəngi saralmış direktora tərəf çöndü. Kişi bu söhbətlərdənmi təsirlənmişdi, deyib-gülən vaxtlarımı yadına düşmüşdü, bilinmədi, amma gözləri dolmuşdu.
(Bu abzası səhərisi gün yazdım və qərara gəldim ki, Pintoşu Cavidana bağışlayacam. Niyəsini bilmirəm, heç kim soruşmasın).

Lənət şeytana, mən sevgidən yazmayacaqdım axı. Allaha and olsun! Bir qorxacaq bəndəyəm, yalandan Allaha and içə bilmərəm. Amma bu xaraba dünyada nədən başlayırsan, başla elə gəlib sevgiyə çıxır.

Sevgi cəhənnəm! Biz hələ də bilmirik ki, qız Pintoşu (artıq ləqəbi deyil, bir tarix oldu bu ləqəb) niyə atdı...

пятница, 7 августа 2009 г.

Sevgi



...Uşaqlar qorxub qışqırdılar. Böyüklər gözlərində yaş bir-birlərinin üzünə baxdılar. Təəccübdən donmuşdu hamı.
...Səksən yaşlı Gülüş nənə can verirdi. Həyətdə çadır da qurulmuşdu. Oğlu bütün hazırlıqları görmüşdü. Anasını urvatlı götürmək istəyirdi. Qaçqınçılıq olanda nolar. Bircə mollanı çağırmaq qalırdı. Bu neçənci dəfəydi. Arvadın vəziyyəti ağırlaşan kimi hazırlıq görürdü yazıq kişi. Amma görünür Allahdan əmr gəlmirdi hələ.

Həyət, ev dolmuşdu adamla. Arvadlar Gülüşün bu dəfə öləcəyini dəqiq bilirmişlər kimi yerlərini rahatlayıb oturmuşdular. Gülüş isə ölümə can vermək istəmirdi. Arvadlar öz aralarında narazı-narazı pıçıldaşırdılar ki, az, day həştad yaşı var, kötücələrini də görüb, bu arvad niyə Əzrayıla can vermir, nə istəyir bu dünyadan? Kimsə də dedi ki, yəqin, öz torpağında ölmək istəyir də.

Oğlu, altı qızı, böyük nəvələri başına yığışmışdılar. Ağlaya bilən ağlayırdı. Nəsə sayıqlayırdı arvad, amma eşidilmirdi. Gözləri qapalı idi. Ölümlə çarpışırdı. Bir müddət rabitəsiz sözlər pıçıldayandan sonra son dəfə başını qaldırıb bircə dəfə:“Eldaaar” – qışqırdı və huşunu itirdi.

Amma Gülüş yenə ölmədi. Dünəndən gəlib onlarda gecələyən Səfər həkim arvad özündən gedəndə nəbzini tutdu. Başını bulayıb arvadların qışqırığı altında gözlərini qapadı. Əyilib üzünü örtüm deyəndə onun nəfəs aldığını gördü. Kişinin tükləri biz-biz oldu. Ürpəndi. Qıyya çəkib ağı deyən arvadlar səslərini xırp kəsdilər.

Anasının son sözünü eşidən oğlu hirslənib həyətə düşdü. Qızları bir-birlərinə baxıb udqundular. Nəvələr çaşmışdı. Kimiydi bu Eldar? Nəvə-nəticə, qohum-əqrəba arasında bu adda adam yoxuydu. Gülüşün böyük qızı Zəhra uşaqların suallarından başını itirmişdi. Axırda:“Mən nə bilim, qoca arvaddı da, sayıqlayır” – deyib, onları həyətə qovdu. Ağlamağa hazırlaşan arvadlar da kor-peşman evlərinə qayıtdılar.

Axşam nənə yatandan sonra böyük nəvələr Zəhranı bir də sorğu-suala tutdular. Anasının halından hələ də özünə gəlməyən arvad nələr danışdı, nələr.

Kəndin yox e, bütün rayonun adla deyilən gözəli Gülüş öz yaraşığı, igidliyilə ondan az məşhur olmayan Eldara nişanlı imiş. Onların sevgisi, hesab edin, bir məhəbbət dastanı. Hamının gözü onlarda, onlar öz aləmlərində. Gülüşü sevənlər də çox idi, fürsət güdənlər də. Toya sanılı günlər qalmış müharibə başlayır. Hamı kimi Eldar da müharibəyə getməli olur. Gülüşlə əhd-peyman bağlayır, lap o kitablarda deyilən kimi: “Sən məni sevdiyin qədər yaşayacam, məni gözlə” – deyir Eldar. Gülüş də söz verir.
4 il məktublaşırlar. Nə aldığı yaralar Eldarı öldürə bilir, nə də kənddə ona edilən şirnikləndirici təkliflər Gülüşü yoldan çıxarır. Müharibə qurtarır. Evə dönmək məqamında öz kəndlərindən olan bir nadürüst Eldara deyir ki, evdən məktub almışam. Gülüş səni gözləməyib, çoxdan ərə gedib, səni də məktublarında aldadıb bu vaxta qədər. Bu alçağın da Gülüşdə gözü varmış. Eldar inanır cəbhə dostuna. Əli yerdən-göydən üzülür. Qayıtmır kəndə. Elə haradasa Avropada ilişib qalır. Gülüş onu çox gözləyir. İllərlə gözləyir. Axır bu alçaq gəlib deyir ki, səndən ötrü ölürəm, gəl mənə. Eldar qayıtmayacaq, orada evlənib qalıb. Gülüş başa düşür ki, ziyanlıq bundan keçib. Söyüb qovur onu.

Bir müddət də keçir. Gülüşü ailəsi ərə verir. Bir oğlu, altı qızı olur. Əri rəhmətə gedir 20 ildən sonra. Ahıl vaxtında da böyük külfətilə bərabər qaçqın düşür arvad. Gəncliyində yaşadığı bu əhvalatı isə kəndin onunla yaşıd arvadları danışmışdı Gülüşün qızlarına. Onu da demişdilər ki, Eldardan xəbər gətirən o alçaqla ölənə qədər danışmayıb Gülüş. Ölüm ayağında halallıq da verməyib. Öldüyünü eşidəndən sonra da vurub gedib onlara. Hamı onu görüb təəccüblənib. Gülüş ortadakı nəşə yaxınlaşıb, ayaq tərəfində durub lombasıyla tüpürüb meyitin sifətinə. Bir adam bir söz deyəmməyib. Kişinin oğul-uşağı da bilirmiş bunların haqq-hesabını. Hamı arvadın illərdi içində gəzdirdiyi kinin şahidi olub. Nakam məhəbbət yanğısı deyək biz buna...

Beləliklə, nəvələr öyrənir ki, demək, son nəfəsində Gülüş nənə ərini, bircə oğlunu, Türkiyədə oxuyan əziz Vüqar nəvəsini deyil, müharibədən qayıtmamış nişanlısı Eldarı haraylayırmış... Bu dəfə də Əzrayıl aparammadı onu. Özünə gələndən sonra da yorğanı başına çəkib gənc qız kimi saatlarla ağlamışdı Gülüş nənə. O, belə sevmişdi sevdiyini.

Arvad ayağa durmamış çadırı, samovar-qazanı yığışdırdılar həyətdən. Sonralar da heç kim arvadın üzünə vurmadı onun sayıqlamasını. Altmış ildi qaysaq bağlamayan yaraya nə çarə? Gedə bilmirdi Gülüş arvad bu dünyadan. Gözlədiyi vardı...

*

İş yoldaşım danışmışdı bu əhvalatı. Hamı təsirlənmişdi. Naharda yediyimiz bir tikə çörək boğazımızda qalmışdı. Təəccüblənmişdik həm də. İlin-günün bu vaxtı məhəbbət haqqında daha təəccüblü bir şey eşitmək olmazdı.
Birdən-birə haradan yadıma düşdü Gülüş nənə? Heç. Bekarçılıqdan yenə mübahisə edirdik dostlarla “sevgi ölürmü?” mövzusunda. Mən də dedim ki, ölmür...

Heç vaxt...

Heç vaxt sarışın olmayacam
Heç vaxt prezident də olmayacam
Heç biri böyük dərd deyil...

Heç vaxt sevməyəcəm şabalıdı
Heç vaxt onu bağışlamayacam
İkisi də dadsızdı...

Heyvanların hüquqlarını qorumayacam heç vaxt
Heç vaxt insana sevgimi itirməyəcəm
Amma heyvanlar insanlardan çox sevəcək məni...

Və mənim yazdıqlarım
heç vaxt dünyanı dəyişməyəcək!
Heç kimi dəyişməyəcək!
Özümü də!

Bu gün ümidsiz bir gündü nəsə...

Pəncərəmdən içəri dolan mehdən başqa.
"Heç vaxt:”Heç vaxt!” - demə..." – pıçıldayır
üzümə gülə-gülə...

Dünyanı gözəl görəndə...

Dünyaya nə olub belə?
Yaman gözəlləşib bu gün...

Bütün qızlar qəşəng-qəşəng,
oğlanlar igid görünür,
maşınlar çiçək kimi...

Qarşıdakı restorandan çıxanlar da
harın dəymir gözümə,
sahibsiz qara it də daranıb,
küçəni bal töküb yalayıblar!
Prezident keçəcək kimi...

Çinar da mənə göz vurur,
yarpaqları əl çalır
onun cəsarətinə...

Hələ bir göyə bax!
Sanki ömrü boyu
nə Yer üzündə bir damcı al qan görüb,
nə öz üzündə bir qara bulud...
Günəş adlı gözəlliyini
adamın gözünə soxur...
özünü elə aparır
guya dünya bina olandan
elə belə təmizmiş...

...- Xoşuna gəldimi, qızım?

Lənət şeytana!
Sona xala pəncərəmi silibmiş...

Məni itirmək

Məni itirmək çox asan,
yum gözlərini...
artıq yoxam...

Gözüyumulu gəz dünyanı,
məndən başqa hamını gör -
tərs baxanı
salam verəni
yan gəzəni...

hər şeyi gör -
saçım gödək
dilim uzun
üzüm tutqun...

Qapalı gözlərin təəccübdən böyüsün:
“Bəbəklərin deşilib, nədi?
Su saxlamır,
damır, damır...”

Qapalı gözlərin
Kişiliyi Azadlıqdan
böyük görsün!

...Eh, ay dəli,
bilmədin ki,
məni itirmək çox asan...
Aç gözlərini...
Gördün?
Daha yoxam...
Olmayacam...

Dostuma...

aşiq olduğun qadınların
heç birindən
çirkin deyildi,
çoxundan daha gözəl!
üstəlik, zarafat-filan,
bir sözdən anlamaq-zad...
...köhnə dərddi –
həyəcanlandıra bilmədiyin qadınları
sevə də bilmədin heç vaxt...

Ad günü



O uzaq, yağışlı gecədə
qaranlıq bir dalan var,
balaca bir tort dilimi,
üstündə üç kibrit çöpü.
Bir mən varam -
yalandan sevinmiş kimi görünən.
Bir sən varsan -
böyüdükcə kiçilən.
Bir də ümidsiz bir zarafat var
yağışa bürünüb torpağa gömülən -
arzularımız çin olacaq...
...Üfürdüyün çöplərin hamısı sönmüşdü...

четверг, 6 августа 2009 г.

Qırmızı qutu



- Özünün istədiyin var?

Oğlan gözləmədiyi sualdan diksindi. Onsuz da bayaqdan özündə deyildi. Baxışları parkın o başındakı çinar ağacının üşüyən yarpaqlarında ilişib qalmışdı. Narahatlığı üzünə çökmüşdü. Qızın sualından utanıb başını aşağı saldı. Heç nə demədi. Qıza da elə bu lazım idi. Kişilər haqqında düşündüyü və düşünmədiyi hər şeyi döşədi ilk dəfə gördüyü bu oğlanın qabırğasına. Oğlan deyəndə ki, 35 yaşı vardı, yaşıd idilər...
Ürəyini boşaldandan sonra hirsi soyudu. Oğlanın səsi də çıxmadı. Ona yazığı gəldi qızın.

- Sən heç bir qızı müdafiə edə bilmirsən, səndən ər olar adama?
- Olmaz?
- Qətiyyən!
- ...Nə bilim...

Qız çantasından güzgü çıxarıb saçlarını düzəltdi. Telefonuna baxdı. Kağız salfetlə soyuqdan qızarmış burnunu sildi. Payız artıq özünü göstərirdi.

- Görəsən, sizin tayfanın hamısı acizdi, yoxsa mənim qabağıma belə maygülülər çıxır?
Oğlan barmaqlarını boynunda daraqlayıb başını aşağı salmışdı. Fikri uzaqlarda idi. Bir müddətdən sonra əmin səslə dedi:

- Niyə ki, maygülü olmayan kişilər də var. Sənin bəxtin gətirmir sadəcə.
- Bəxtim olsaydı, oğlan doğulardım. Görərdiz onda əsl kişi necə olur.
- Bu dəqiqə elə. Kişi olsaydın, səni görüb mən toya aparardılar.
- Səndən betəri mümkün deyil! Zorla gərdəyə soxurlar, ağzına su alıb durmusan. O qızın yerinə olsaydım, bir də sənin adını tutmazdım.
- Ona görə evdə qalmısan da...

Oğlan dedi və səsini xırp kəsdi. Qorxa-qorxa çevrilib qıza baxdı. Gözlədiyinin əksinə, qız şaqqanaq çəkib gülməyində idi.

- Allah səni güldürsün, bəs sən bilmirsən ki, evdə qalmaqdan ziyan yoxdu, əsas məsələ odur ki, çöldə qalmayasan?

Oğlan oturduqlarından bəri ilk dəfə gülümsədi. Tüklü üzü işıqlandı. Qız indi görürmüş kimi məqamı qaçırmadan irad tutdu:

- Görüşə gəlirsən, bir bu üzünəsə əl gəzdirəydin də.
Oğlan da söz altda qalmadı:
- Sən də azca bəzənib-düzənə bilərdin hər halda. Meyitə oxşayırsan.


İkisi də güldü. Şəksiz, kənardan baxanlar onları mehriban ər-arvad, ən azından sevgili sayırdılar. Qoşa əyləşdikləri oturacaq artıq diqqət mərkəzində idi.

- Amma buna da şükür. Düzü, mənə deyəndə ki, 35 yaşındadı qız, gözümün qabağına gombul, üzündən zəhrimar tökülən bir adam gəlirdi. Amma, maşallah, yaxşı qalmısan, 34 zorla verirəm...
- Məni demirsən. Qarnından yana ayağının altını görməyə həsrət bir daydayla görüşəcəyimdən halım xarab olmuşdu.

Yenə güldülər.

- Bayaqdan oturmuşuq. Bəlkə gedib bir çay içək?
- Ürəyim istəmir nəsə... Birdən elə bilərsən səndən utanıram ha.
- Yox, əşi, 35 yaşında görüşə çıxandan utanmaq gözləmirəm.
- Bu yaş məsələsi sənin yaralı yerin imiş ki. Könlündən 15 yaşında növrəstə qumru keçir yoxsa?
- Niyə də keçməsin? Nolub mənə?
- Day sənə nolmalıdı ki? 35 yaşında zorla görüşə göndərirlər.

Qırışıqları açılmışdı. Artıq özlərini rahat hiss edirdilər.

- ...Onun neçə yaşı var?
- ...35...
- İndi desəm, boynunu yerə soxum, məndən inciməzsən?
- Düz sözdən niyə inciyim ki?
- Boynunu yerə soxum onda.
- Ağzın şirin olsun.

Anasından keçəmmədi yenə. Razılıq verdi “Uriset uşağı”yla görüşməyə. Fikirləşdi ki, bir eyib tapacaq onsuz da. Bundan da qurtulacaq. Birinci dəfə deyildi ki. Amma bu “Uriset uşağı” keçiləsi uşaq deyildi. Ortaboy, suyuşirin, məzəli oğlan idi. Qanı qaynayırdı ona. Hətta yaşını da vermək olmurdu.

- ...Sinif yoldaşı olmuşuq onunla. Söz vermişdik bir-birimizə. Hələ də oturub məni gözləyir. 12 ildi Moskvadayam. Neçə dəfə xəbər göndərdim ki, çıxıb ərə getsin. Anam onu görmək belə istəmir. “Yox” - dedi, evdə qarıyıb öləcəm” - dedi. O da istəyirdi ki, heç olmasa, mən evlənim. Mən də evlənəmmədim.

- Qəşəng deyil?
- Qəşəngdi...
- Anan niyə bəyənmir ki?
- Bilmirəm...
- Nə əcəb məndən xoşu gəlib bəs?
- Nə bilim e. Sən də o toyda ortaya düşüb sındırmasaydın, gecəni yatammazdın də.
- Bəs nə. Özümü göstərirəm də camaata. Nə vecinədi e, evdə qalmamısan ha, nə biləsən hamıya müştəri gözüylə baxmaq nədi.

Oğlan ucadan güldü.

- Heç sən də ərə getmək istəyənə oxşamırsan.
- Hmm...bir saat qabaq sən deyən idi. İndi fikrimi dəyişmişəm. Səninki buracanmış. Xoşuma gəldin.

Oğlanın təəccübdən gözləri böyüdü:

- Eləmi??

Qız oturacaqdan qalxıb onun qarşısında dayandı. Birnəfəsə üyüdüb tökməyə başladı:

- Əlbəttə. Demək belə. Məsələni uzatmayaq. Onsuz da çox gecikmişik. Bax, deyirəm, nişan üzüyümü mütləq sifariş etdirəcəm. Neçə ildi elə həsrətlə baxıram, amma düzü bəyəndiyim model yoxdu. Əsas məsələ isə gəlinlik donudur. O, mütləq alınmalıdır! Kiminsə geyindiyini geyinməyəcəm ki bu yaşımda. Nə gözlərini bərəldib baxırsan? Yoxsa bəyənmədin məni?
- ...bəyəndim... - Day onda nə problem var? Ayrıca ev alacaqsan yəqin ki. Neçə ildi Moskvada nəylə məşğulsan, bilmirəm. Ruslara yedizdirmisən hamısını?
- Bir azını...
- Qalanı da elə bəsimizdi. Ev yaxşı olar ki, 3 ya 4 otaqlı olsun.
- Niyə?

Qız barmaqlarını bükə-bükə saymağa başlayanda oğlan da ayağa durdu.

- Otaqların biri mütləq mənim iş otağım olacaq, həm də kitabxanam. Biri qonaq, biri yataq, o biri də uşaq otağı. Mərkəzdə istəmirəm. Zəhləm gedir buranın səs-küyündən. Sakit həyətlərdən biri olsun. Özü də çox yuxarıda olmasın.

- Qulluqçu da istəyirsənmi?
- Ay aman, onda səni lap çox sevərəm.
- Guya indi sevirsən ki, onda da artırasan?
- Artıq başlamışam sevməyə, narahat olma.

Oğlan karıxmışdı lap. Qarşısındakı bu qızdan imtina etmək üçün səbəbi yox idi. Müəllimə. Ağıllı-kamallı. Zarafatcıl. Özü də qəşəng.

- Noldu? Yaxşı, qulluqçu istəmirəm. Onda ara-sıra boyat yemək yeyəcəksən. Çatdırmaq var e işlərin hamısını. İkigünlük bişirəcəm.
- Yaxşı...
- Biz xoşbəxt olacağııııq...

Qız bunu deyə-deyə onun qarşısında dövrə vurdu. Sonra dayanıb oğlanın əllərindən tutdu, gülə-gülə üzünə baxdı.

- Mən buna inanıram. Hələ desən bir-birimizi sevəcəyik də. Başqa cür mümkün də deyil. Hər səhər səni öpə-öpə yuxudan oyadacam. Səhər yeməyi hazırlayacam səninçün. Sənə “balam” deyəcəm. Sən də mənə “quzum”. Etiraz eləmirsən?
- ...yox...
- Hər gün saçlarını da özüm darayacam. Yaxşı darağa gələn saçların var. Yolmasan, qoyaram, sən də mənim saçımı darayasan. Qonaq sevənsən?
- Hə...
- Mən də. Qonaq gedərik, qonaq gələrlər. Evimizi bir bəzəyəcəm ki, balam, hamının ağzı açıq qalacaq. Hər otağın öz rəngi olacaq - sevdiyim rənglər. Yaşıl yaxşıdır qonaq otaqğıyçün, yoxsa mavi?
- ...mavi...
- Mən də elə düşünürəm. Yaşıl oboyu yataq otağına vurarıq. Pərdələr də oboy rəngində olacaq. Özü də çox mebel sevmirəm mən. Evdə nəfəs almaq olmur. Az mebel gətirsəm, anan dalaşmaz ki?
- ...nə bilim...
- Bax, burda korladın! Kişi “nə bilim” deməməlidir. Eləməsə belə, həmişə nə etmək, nə demək lazım olduğunu bil-mə-li-dir! Razısan?
- Razıyam...
- Görürsən sözümüz necə tutur?
- Görürəm...
- ...balam...
- ...quzum...?
- Ay sağ ol!

Oğlan üzünü əllərilə qapayıb bir müddət dayandı. Sonra əllərini üzünə çəkib çarəsizcə köksünü ötürdü. Qız düz onun gözlərinin içinə baxdı.

- Nədi, planlarım xoşuna gəlmədi?
- Gəldi...
- Əla! Onda gəl gedək. Üstündə pulun var?
- Var.
- Deyirəm, univermaq bağlanmamış üzüklərə baxaq.
- Sən ki sifariş etmək istəyirdin?
- Bax belə. Diqqətli adamları sevirəm. Yaddaşın yerindədir, maşallah.
- Bu boyda bəlanı necə unudum?
Oğlan bunu dedi və qabağa düşüb getməyə başladı. Qız ucadan gülüb qaçaraq özünü ona yetirdi. Səs-küylə oynayan uşaqlara dolaşa-dolaşa Fəvvarələr meydanıyla üzüyuxarı qalxmağa başladılar. Qız oğlanın qoluna girdi. Oğlan təəccüblə çevrilib ona baxdı. Gülümsündü. Başını buladı. Amma dinmədi. Beynində hər şey qarışmışdı. Hadisələr nəzarətindən çıxmışdı. Görüşə gələndə fikrində tutmuşdu ki, bu qarımış qıza elə sifət göstərəcək, yazıq gəldiyinə peşman olsun. O, məsələni tez həll edib yubanmadan Moskvaya qayıtmağı düşünürdü. Biletini də almışdı. Amma indi tanımadığı bu qızın yanına düşüb üzük almağa gedirdi. Doğrudan da onunku buracanmış.
Univermaqda qələbəlik idi. Sıraların arasıyla yavaş-yavaş gəzinib üzüklərə baxır, qiymətlərini soruşur, bəyənmək üstündə mübahisə edir, sonra mübahisəyə səbəb olmuş üzüyü satıcıya qaytarıb yollarına davam edirdilər. Axır oğlan birini bəyəndi. Qızın da xoşuna gəldi.
- Ok, sifarişdən vaz keçdim. Bunu götürürük.

Satıcı oğlanla azacıq qiymət sövdələşməsi edib üzüyü aldılar. Qırmızı qutunu da hədiyyə verdilər nişanlılara. Gülə-gülə univermaqdan çıxıb dayanacağa yol aldılar.

- Amma məni yaman xamladın ha. Bəs mənim üzüyüm hanı?
- Bir az pul yığmışam. Qoy maaşımı da versinlər, üstünü düzəldib alacam da. Səni üzüksüz qoymayacam ki. Özü də barmağından çıxarmazsan. Hamı görsün ki, sahibin var.
- Sahibim?!
- Sahibin!
- Olsun.

Avtobus dayanacağına çatana qədər qız yenə dil-boğaza qoymadan planlarından danışdı. Məlum oldu ki, bal ayı üçün elə Bakıya da razıdı. Amma onu Türkiyəyə aparsa, əla olar. Oğlan razılaşdı. “Pulumuz qalsa, mütləq” - dedi.

- Sən elə belə sözəbaxansan, yoxsa toyacan özünü fağır göstərirsən mənə?
- Yox, elə belə fağıram mən, səsimin zil yerini hələ eşidən olmayıb.
- Amma mən elə də fağır deyiləm. Qorxma, döyməyəcəm səni. Vursam da elə yerindən vuracam, görünməsin.

Oğlan gülüb mehriban nəzərlərlə qıza baxdı. Qızın gözlərindən cin tökülürdü. Amma bu işım-işım yanan gözlər lap dərinliklərindəki kədəri gizlədə bilmirdilər. Nəsə soruşub onun sevincini qaçırmaq istəmədi. Zarafata davam elədi:

- Mən də anama deyəcəm.
- Nə? Sən heç mənim anamı görmüsən? 120 kilodu e. Sındırar sənin ananı.

Gülüşdülər yenə. Oğlana birdən elə gəldi ki, bu qızı yüz ildir tanıyır. Bu qız elə onunla birgə olub bütün omrü boyu. Qıza deməsə belə onun arzuları elə həm də öz arzuları idi əslində. İçindəki sıxıntı yoxa çıxdı. Bir anlıq o da bu qızla xoşbəxt olacağına inandı.

Dayanacağa çatan kimi qız yavaşca oğlanın qolunu buraxdı, başını qaldırıb diqqətlə onun üzünə baxdı. Gözlərinin dərinliyində zorla gizlətdiyi kədər yuvasından çıxıb bütün simasını bürümüşdü.

- Kimisə gördün? Day biz nişanlıyıq axı.
- Gördüm...
- Kimi?
- Onu...
- ??

Oğlan təəccüblə ətrafa boylandı. Qız oğlanın gözlərinin içinə baxmaqdaydı. Özünü görmək istədi, yoxuydu. Gözü yolda qalmış bir qız vardı orda. Yəqin ki, heç vaxt da görməyəcəkdi özünü bu oğlanın gözlərində.

- Sən mənə inandın?
- Nə mənada?
- Danışdığım cəfəngiyyata?
- Necə bəyəm?
- ...əslində...danışdıqlarım doğru idi...yəni arzularım, xəyallarım idi onlar...yaşıl rəngli yataq otağı...kitabxana...hər səhər darayacağım saçlar...
- Burada qeyri-adi nə var ki?
- Qeyri-adi deyil...sadəcə, bunların sənə dəxli yoxdu...
- ??
- Mənim arzularımın sənə heç bir dəxli yoxdu! Onlar elə mənim arzularımdı. Ürəyimdə qalan arzular. Bəlkə də onlar artıq kif atıb.

Oğlan nə deyəcəyini bilmirdi. Matdım-matdım qıza baxırdı. Çaşıb qalmışdı. Bu qız nə oyun oynayırdı onunla?

- Nə gözünü döyürsən? Sən inandın ki, mən sənə ərə getmək istəyirəm? İnandın ki, mən gözlərində özümü görə bilmədiyim, əllərinə toxunanda həyəcandan titrəməyən adama arvadlıq eləyə bilərəm? Gözünün də, ürəyinin də içində başqası var...mənlə yaşıd biri...onun da xəyallarında bir yaşıl rəngli, olsun qırmızı rəngli, dəxli nədi ki...yataq otağı var, sevimli əri, uşaq otağında yatan körpələri var...onu düşündünmü? Mən 25 illik sevgidən bir anda vaz keçə bilən birinə necə inanım?

Oğlan susurdu.

- Bu üzüyü də o qız üçün aldım. Apar, qarşısında diz çöküb:“Arvadım ol” - de. Gözəl gəlinlik donu al onunçün. Onu xoşbəxt elə. Başa düşürsən? O qızı da götür, çıx get burdan. Apar onu uzaqlara. Səni zorla gərdəyə soxmaq istəyənlərdən uzaqlara qaçır onu. Bu qədərmi acizsən? Heçmi vicdanın yoxdu sənin??
- ...var deyəsən bir az...
- Olan-qalanını da itirməmiş rədd ol get! Götür sevdiyini də, get. Qorxma, hamıya deyəcəm ki, xoşuma gəlmədi. İtə oxşayırdı. Sən də elə deyərsən. Denən, bu boyda şəhərdə qız qəhətliyiydi? Meymun ondan şəkillidi. Nə ürəyin istəyir deyə bilərsən, heç vecimə də deyil!

Qız ucadan danışır, oğlan susurdu. Yanlarından keçən adamların üzündə azacıq da olsa təəccüb yox idi. Bu şəhər nə davalar görmüşdü, nə ayrılıqlara şahidlik eləmişdi. Oğlan sağ əliylə saçlarını qarışdırdı. Topu partlamış uşaq, oğlu əsgər getmiş ana, sevgilisini itirmiş çarəsiz qız görkəmi vardı onun. Gözləri də dolmuşdu.

- Həə, bircə ağlamağın qalmışdı...maygülü...mən ağlamağı neçə ildi tərgitmişəm gedib, sənə nolub, 40 qızla bir dərədə qalmısan?
- Yox, bir qızla Füzulinin yanında.
- Ay amaaan, sən Nizamiylə Füzulini seçəmmirsən? Allah üzümə baxdı ki, sənin kimi bisavada qismət olmadım.

Bir-birlərinin üzündəki belə kədərli gülüşü ancaq kinoda görmüşdülər.

- Nə fərqi, ikisi də Leyli-Məcnundan yazıb da...
- Di tərpən, Məcnunun ruhu şad olsun.
- ...bəs sən?...
- Nə mən? İndi gedirəm evə. Əvvəlcə görüş haqqında anama, dünəndən bizdə düşüb qalmış xalama, bibimə məlumat verəcəm. Onların danlağını, davasını uda-uda yeyib-içəcəm. Elə biləcəklər ki, eynimə alıram onları. Sonra guya hirslənmişəm deyə, qapını çırpıb keçəcəm otağıma. Yaxşıca yatacam. Gecə də durub uşaqların dəftərlərini yoxlayacam. Sabah da məktəbə gedəcəm.

Oğlan nə edəcəyini bilmirdi. Bəlkə o haqlıdır? Arzuladığı bir həyatı yaşamaq üçün ona nə mane ola bilər axı? Bir anlıq özünü güclü hiss etdi. Bəs bu qız?

- Belə getsə, sən doğrudan da evdə qalacaqsan.
- Olsun. Əsas məsələ nədi?
- Əsas məsələ odu ki, çöldə qalmayasan.
- Ay sağ ol. Bax, mənim avtobusum da gəldi...salamat qal...nəsə lazım olsa, telefonumu bilirsən...
- Dayan...axı üzüyü niyə aldın? Birdən onun barmağına olmadı?
- Off! Böyütdürərsiz ya kiçiltdirərsiz, amma dəyişdirməyin, düşər-düşməzi olur...bir də ki...olacaq onun barmağına...
- Nə bilirsən?
- 35 yaşlı qızların hamısının barmaqları eyni olur, balam, arzuları kimi...mən qaçdım...

Qız özünü çatdırıb tərpənməkdə olan avtobusa mindi. Basabas olsa da, birtəhər yer tapıb dayandı. Yanağında çığır açmağa imkan tapmış su damcısını da yarıyolda saxladı. Ağlamağı illər öncə tərgitmişdi axı. Tərgitdirmişdilər.

Uzaqlaşan avtobusun tüstüsü gözlərini acışdırdı oğlanın. Kənara çəkilib qırmızı qutunu ehtiyatla açdı. Üzüyü əlinə aldı. Onu xatırladı. Onun əllərini xatırladı. Hə, olacaqdı onun barmağına. O barmaqları heç unutmayıbmış demə...