среда, 5 августа 2009 г.

“Payız yarpaqları”ndan...



“Unudum, İlahi!” deyib
yalvarmaq üçün
əllərini açarsan Tanrıya,
yağış soyuq dimdiyiylə
ovcuna-ovcuna döyər:
“Məni unutma!”

Allahdan qaçıb
məsciddə gizlənməkdi
səni unutmaq üçün
payıza sığınmaq...

Mən böyüyəndə...



“Mən böyüyəndə
müharibə kimi olacam, hamı qorxacaq” – deyirdim.
Çiçək kimi olacam - hamı sevəcək
Tanrı kimi olacam - həm sevəcək, həm qorxacaqlar
Həm də xoşbəxtlik kimi olacam - axtaracaq hamı...

Böyüdüm.
Müharibədən qorxan,
çiçəyi sevən,
sevə-sevə Tanrısından qorxan,
xoşbəxtlik axtaran,
sevəcək,
qorxacaq,
adi bir adam oldum...

Xoşbəxt günlərimə



Ölümdən yox, anamdan qorxan vaxtlarımdı
Tanrı üçün yox, bəndəyçün darıxan yaşımdı

At belindəyəm.
Xoşbəxtliyimdən ölürəm.
Babamın gec açılan darvazaya söyməsi ləzzət eləyir.
“Arxda çimməyi çıxaran ölsün” -
nənəm qarğış tökür.
Mən – şəhər uşağı bu palçıqlı arxdan çıxmıram.
Amma hədələrindən qorxuram.
Birdən anama desə?

Ərikdən asılmış yelləncək ancaq mənimdi.
Qalxdıqca qalxıram.
Yıxılmaqdan,
sınmaqdan,
ölməkdən qorxmuram.
Hələ ağlıma gəlmir ki, yelləncək –
Tanrıya çatmaq üçün insanın növbəti cəhdi.
“Yuxarı, bir az da yuxarı” qışqırıram
məni yelləyən qüvvətli qollara.
“Eheeey” qışqırıram buludlu yollara.
Qalxmaq hər zaman gözəl...

Çox sonralar biləcəm ki,
bəndələr gələr.
Heç olmasa yuxuya.
Heç olmasa şəkilləri qalar yadigar.
Nənəm kimi, babam kimi.
Bol-bol xatirələri.
Tanrı nə yuxuya gələr,
nə şəkil çəkdirər,
nə də xatirə saxlar özündən sonra.
Onun həsrəti bitməz.
O gəlməz və getməz.

Amma bu günlərə - Tanrıyçün darıxmağa,
ölümdən qorxmağa çox var.
Hələ ki, ölümdən yox, anamdan qorxan vaxtlarımdı.
Tanrı üçün yox, bəndəyçün darıxan yaşımdı.
Mən xoşbəxtəm hələ...

вторник, 4 августа 2009 г.

Qırmızı...


Gah çinar bildilər yüksəkdən yüksək
Gah da kol dibində bənövşə - kövrək
Mən də gözləmişdim kimsə deyəcək:
“Qırmızı yaylıqlı qovağım mənim...”

Ah, bir məktub alam, zərfi çətirli
Yağışlı, küləkli, xəzan ətirli
Çoxlu söz yerinə bircə sətirli -
“Qırmızı yaylıqlı qovağım mənim...”

Sevinc köhnə, kədər Nuhdanqalmadı
Fani, zalım...amma dünya doğmadı
Nə olsun ki, pıçıldayan olmadı:
“Qırmızı yaylıqlı qovağım mənim...”